İqlim dəyişikliyi son 120 ilin ən pis quraqlığını yaşayan Braziliyada özünün sərt və amansız üzünü göstərib. Qonşu icmalar içməli su əldə etmək üçün dünyanın ən böyük və ən çoxsulu çayının ətrafında növbəyə düzüldükcə Amazon çayı bölgəsi quraqlıq və kəskin iqlim dəyişikliyinin ciddi nəticələrini daha çox nəzərə çarpdırır.
Hafta.az-ın yazdığına görə, Amazonda quraqlıq davam edərkən, Braziliyanın səlahiyyətliləri yerli əhalinin yeganə nəqliyyat vasitəsi kimi qayıqlardan istifadə etdiyi bu geniş, yolsuz bölgədəki minlərlə təcrid olunmuş icmalara qida və su çatdırmaq üçün mübarizə aparır.
Sahəsi Kaliforniya ştatından üç dəfə böyük olan Amazonas ştatında 62 kənddən 59-da fövqəladə vəziyyət rejimi qüvvədədir. Bu vəziyyət 633 min insanın həyatına təsir edir.
Paytaxt Manausda Amazon çayının əsas qollarından olan Rio Neqro çayı 121 il əvvəl rəsmi ölçmələr başlayandan bəri ən aşağı səviyyəyə düşüb.
Associated Press-in məlumatına görə, əksəriyyəti kənd yerlərində yaşayan 19600 nəfər əhalisi olan Karrero da Varzia bələdiyyəsinin mülki müdafiə rəisi Jan Kosta de Souza deyib: "Hər kəs quraqlıqdan zərər çəkib. Bəziləri su qıtlığı yaşayır, bəziləri məhsulunu itirir, bəziləri isə topladığı məhsulunu göndərə bilmir”.
Quru dövrlər Amazondakı tsiklik hava modelinin bir hissəsidir; Əksər rütubətli meşələrdə may ayından oktyabr ayına qədər daha çox yağış yağır.
Bu il mövsüm iki iqlim hadisəsi səbəbindən uzanıb. 1. Atlantik okeanının şimal tropik sularının temperaturunun artması. 2. “El Nino” tropik Sakit okeanda səth sularının istiləşməsi dekabr - yanvar ayları arasında pik həddə çatacaq.
Hazırda Braziliyanı vuran şiddətli quraqlıq dalğası çayları əhatə edən ərazilərdə və onların qonşu kəndlərində yaşayanların hərəkətinə təsir göstərir, çünki onlar nəqliyyat və ehtiyaclarını ödəmək üçün bu çaylardan asılıdırlar.
Əvvəlki səviyyələrlə müqayisədə 7 dərəcəyə çatan həddindən artıq temperatur artımı Amazon bölgəsində minlərlə balıq və 153 nəsli kəsilməkdə olan delfinin ölümünə səbəb olub.
Bu ilin sonunda temperaturun artması da öz təsirini göstərəcək və bölgədəki yarım milyona yaxın insan su, qida və təhlükəsiz nəqliyyat kimi ən əsas yaşayış ehtiyaclarını itirəcək.