Ankaranın heyrətamiz muzeyləri - Reportaj

21:00 20.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ankaraya Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik yanında fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə təşkil olunmuş səfər çərçivəsində getmişdim.

Ölkənin ikinci iri şəhəri olan siyasi paytaxtda gecədən yağan qar güclü şaxtanın soyuğu ilə buza dönsə də, bu heç də küçələri gəzib-dolaşmağıma, görməli yerlərə, o cümlədən muzeylərə baş çəkməyimə əngəl ola bilmədi. Zatən Ankaraya səfər edən turistlər şəhərdəki çox sayda, həm də hərəsi bir sahə üzrə ixtisaslaşmış, tarixiliyi və samballı olması ilə seçilən muzeylərə mütləq gedərək, təəssüratlarını zənginləşdirirlər.

Yeri gəlmişkən, Ankara siyasi mərkəz funksiyasını yerinə yetirsə də, hazırda burada turizm sektorunu inkişaf etdirmək üçün muzey turizmini qabartma məqsədilə proramlar icra olunur. Yəni paytaxta gələn turistlərin gəzinti proqramına muzeylər də əlavə edilir.

İkiqat müqəddəs yer

Səhər ilk olara Ankara Tarix və Etnoqrafiya Muzeyinə yollandım. Şəhərin hündür yerində - təpə üstündə tikilmiş bu tarixi binanın muzey olmaqla yanaşı, mənəvi əhəmiyyəti də çox böyükdür. Muzeyin yerləşdiyi “Namazgah” adlanan bu ərazidə Qurtuluş savaşı zamanı şiddətli döyüşlər gedib. Məlumata əsasən, döyüşdə şəhid olanların nəşi təpənin alt yamacındakı məzarlıqda dəfn olunub, təpənin üstündəki meydançada isə insanlar namaz qılarlarmış. Bu səbəbdən də təpə “Namazgah” adlanır. Müharibə başa çatandan sonra burada muzey binasının tikintisinə qərar verilir. Arxeologiya muzeyi kimi fəaliyyət göstərəcək bu iki qatlı binanın salonlarını doldurmaq məqsədilə, 1925-ci ildə İstanbul Muzeylər İdarəsinin rəhbəri Xəlil Ethəmin rəhbərliyi altında eksponatlar toplamaq üçün xüsusi komissiya qurulur. Nəticəsi də uğurlu alınır. Qısa vaxtda satın alınan 1250 eksponat 1927-ci ildə inşası tamamlanan muzeydə nümayiş etdirilir. Bir il sonra – 1928-ci il aprel ayının 15-də buranı ziyarət edən Mustafa Kamal Atatürk tikilini konkret olaraq muzey elan edir. Bununla da, Ankara Tarix və Etnoqrafiya Muzeyi Türkiyə Cümhuriyyətinin ilk dövlət muzeyi ünvanını alır.

Bu arada, Mustafa Kamal Atatürk vəfat edən vaxt, indiki Anıtkabir-mavzoley mövcud olmadığı üçün, onun nəşi 15 il ərzində - 1938-1953-cü illər arasında məhz bu muzeyin binasında mühafizə edilib. Onun nəşi 1953-cü ildə Anıtqkabirdə dəfn ediləndən sonra da muzeyin giriş hissəsinin foyesi Atatürkə hörmət əlaməti olaraq simvolik qəbir şəklində qorunmaqdadır.

Tam 15 il mavzoley kimi fəaliyyət göstərən bu məkan, rəsmi protokol qaydalarına əsasən xaricdən gələn dövlət və hökumət başçılarının, diplomatların və sairin ziyarət yeri olub. Yalnız 1956-cı ildə bura konkret muzey kimi insanlara xidmət göstərməyə başlayıb.

Anadolu adətləri

Muzeyin birinci mərtəbəsində qiymətli sənət əsərlərinin sərgiləndiyi salonlar, ikinci qatda isə əsasən inzibati otaqlar yerləşir. Burada Anadoluda yaşayan xalqların əşyaları, el sənətkarlıq nümunələri, qadın zinət əşyaları və sair sərgilənir. Salonlarda quraşdırılmış səhnəciklərin hər biri Anadolu insanlarının fərqli yerli ənənələrini canlandırmaqdadır. Məslən, səhnəciklərdən birində xınayaxdı mərasimi qurulub. Bu səhnəcikdə keçmişdə xanımların geyindiyi paltarlar, baş örtükləri, taxdıqları zərgərlik nümunələri, gəlinin üst-baş geyimi ilə yanaşı, həm də xına mərasimində icra edilən ayinlər əks olunur. Hətta o dövrdə ayin keçirilən otağın necə bəzədildiyini də səhnəciyin quraşdırıldığı povilyonda görmək mümkündür.

Başqa bir səhnəcikdə sünnət mərasimi canlandırılıb. Otağın bəzənmə dizaynı, sünnət edilmiş oğlanın geyimi, yatağı və yataq otağının süslənməsi, ortalıqdakı sobanın görünüşü, insanların geyim-kecimi və sair, hamısı qədim Anadolu ənənələrini çılpaqlığı ilə göz önündə canlandırır. Səlcuqlar dönəmindən günümüzədək Anadoluda yaşanan mədəniyyətin canlandırıldığı muzeydə xalça-palaz toxunması, qəhvə içmə mədəniyyəti, bəzək əşyaları, ayaqqabı nümunələri, Sivas bölgəsinin qadın və kişi corabları, müxtəlif çeşidlərdə kisələr, dəsmallar, boğçalar, yataq örtükləri, gəlin paltarları bura gələn turistləri təəccübləndirməkdədir.

Füzulidən köçürmə

Girişin sol tərəfindəki salonlarda isə əsasən çini və şüşə qablar, Osmanlı dövrü xəttatlıq sənəti nümunələri, Səlcuqilər və Bəyliklər dönəminə aid taxta üzərində oyma işləri sərgilənir. Anadolu misgərlik və metalişləmə sənətinin gözəl nümunələri arasında XV əsrdən qalma Məmlük qabları, Osmanlı şərbət qazanları, ləyənlər, sini, qəhvə qabları, gül suyu saxlamaq üçün xüsusi qablar, qayçılar və sairə bu salonlarda baxmaq mümkündür.

Salonlardan sonuncusunda isə üstü oyma naxış və ərəb əlifbasında yazılarla bəzədilmiş məzaüstü, eləcə də məscid minbərləri sərgilənir. Osmanlı zamanına aid yay və oxlar, çaxmaqlı tapançalar, tüfənglər, qılınc və digər silah çeşidləri, üzərinə Sultan II Mahmudun gerbi işlənmiş atlas parçalar turistlərin gözlərini oxşayır.

O cümlədən, Səlcuq sultanı III Keyhüsrevin taxtı (XIII əsr), Taşhur Paşa məscidi mehrabı (XII əsr), Çələbi Sultan mədrəsəsinin qapısı (XV əsr) muzeyin əhəmiyyətli eksponatlarındandır.

Muzeydə sərgilənən ən qədim eksponat üzərində kiçik nar füquru təsvir olunmuş gülab qabıdır. Onun 10-cu əsrə aid olduğu bildirilir.

Bu muzeydə sərgilənən çox sayda xəttatlıq əsərlər arasında hər bir Azərbaycan türkünün diqqətini çəkəcək bir kitabla rastlaşdım. “Hadigatüs-Süeda” adlanan bu kitab dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə aiddir və 1665-ci ildə xəttat Əli ibn Məhəmməd ət-Təstiri onu yenidən qələmə alaraq köçürüb. Bu gün kimin bu muzeyə yolu düşsə, dahi Füzulinin sözügedən əsərinin ət-Təstirinin qələmə aldığı əlyazma versiyasının orjinal nüsxəsini görə bilər.

Boyaların danışdığı məkan

Ankarada baş çəkdiyim başqa bir əhəmiyyətli mədəniyyət məkanı Dövlət Rəsm və Heykəl Muzeyi oldu. Paytaxtın Altundağ rayonunun Ulus bölgəsində, Tarix və Etnoqrafiya Muzeyinin binası ilə yan-yana – “Namazgah” təpəsində yerləşən muzeyin binası yenicə təmirdən çıxdığı üçün, demək olar ki, salonlardan boyanın qoxusu hələ tam çəkilməyib.

Xatırladaq ki, Dövlət Rəsm və Heykəl Muzeyinin ötən il dekabrın 28-də əsaslı təmir-bərpa işlərindən sonra prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olub.

Nazirliyin mütəxəssisləri və fərqli universitetlərin təmsilçilərinin iştirakı ilə aparılan təmir nəticəsində 1927-1930-cu illər arasında, memar Arif Hikmət Koyunoğlunun layihəsi əsasında Türk Ocaqlarının Baş Qərargahı üçün tikilmiş bina, 1932-ci ildə Ankara Xalq Evi olaraq xidmətə başlayır.

Qeyd edək ki, binanın tikintisinidə yalnız türk millətindən olan fəhlələr çalışıb.

Bələdçimiz deyir ki, ədəbi türk motivləri ilə süstlənmiş 500 yerlik, lojalı salona malik olan bu binada, Xalq Evi olduğu dönəmdə ən sevilən musiqili əsərlərdən “Özsoy”, “Daş bəbək” operaları burada səhnələşdirilib, eləcə də I Türk Dil Qurultayı və I Türk Tarix Qurultayı kimi vacib tədbirlər keçirilib. Amma 1952-ci ildə Xalq Evləri bağlandığı üçün bina yenidən Türk Ocaqlarına verilir. Əlbəttə, 1980-ci ildən muzey kimi fəaliyyət göstərməkdədir.

Muzeyin salonlarında həm rəqəmsal, həm də fotoları çəkilərək arxivləşdirilən, hazırda nümayişə çıxarılmış mövcud rəsm əsərləri əsasən tarixiliyinə, xarakter-xüsusiyyətlərinə görə yerləşdirilib. Məsələn, klassik rəsmlər əvvəl, posmodern rəsmlər sonuncu salondadır. Hə, bir də, salonlar rəssamların adı ilə adlandırılıb. Məsələn, Fərruh Başağa salonu, Nuri İyem salonu, İbrahim Çallı salonu, Orhan Pekər salonu və sair. Bu gün Ankara Rəsm və Heykəltəraşlıq Muzeyi, 3 min 629 əsəri ilə türk rəsm sənətinin ən əhəmiyyətli kolleksiyalarından birinə ev sahibliyi edir.

Bu muzeydə zövqündən asılı olmayaraq hər bir turistin görmək istədiyi tablolara rast gəlmək mümkündür. Məsələn, Orhan Pekər salonunda lirik mənalı rəsmlər, Nuri İyem salonunda sosial realizmi əks etdirən tablolar, Refik Epikman salonunda müasir reallıqları özündə cəmləyən şəkillər, İbrahim Çallı salonunda simvol xüsusiyyətli rəsmlər və sair sərgilənir. Burada nələr yoxdur, adamı valeh edən təbiət rəsmləri, rənglərin harmoniyasından yaranan natürmotlar, portret janrları, simvollarlarla xarakterizə olunan, eləcə də sadəcə rəng çalarları ilə işlənmiş və rəssamın məhz rənglərin diliylə deməyə çalışdığı düşündürücü əsərlər.

Rəssamlardan Malik Akselin “Xalı toxuyarkən”, Əşrəf Ürənin “Bostançıdan”, Emel Korutürk Cimcozun “Atatürkə şükran”, Turan Erolun “Lüksenburq bağçası”, Fausto Zonaronun “Gənc qız” portreti və sair muzeyə gələn turistlərin gözlərini oxşamaqdadır.

Məlumat üçün əlavə edim ki, muzeyin hazırda turistlərin ixtiyarında olan 6 salonunda toplam 750 rəsm əsəri nümayiş etdirilir. Amma burada bütövlükdə 1114 rəsm əsəri qorunub saxlanmaqdadır. Ümumilikdə isə muzeydə 3629 fərqli əsər sərgilənir.

Xatirələr uyuyan loja

Yuxarı qata çıxırıq. Buradakı görüş və toplantıların keçirildiyi otaqlar, mərkəzdəki 500 yerlik, səhnəsi olan iri salon turistlərin marağını çəkməkdədir. Salonun qırmızı xalılar döşənmiş döşəməsi, tünd şabalı rəngdə oturacaqları, oyma naxışlı, qızılı tağlarla əhatələnmiş divarları, lojaları, tavanı, səhnədə ritmlərini oyadacaq sənətçisini gözləyən fortopiano – hər şey vəhdət təşkil edir. Burada hər nə varsa tikildiyi dönəmdən qalır, təkcə fortopianodan başqa, onun tarixi ötən əsrin 60-cı illərinə aiddir.

Hə, yuxarıdakı lojalardan biri çox müqəddəs sayılır. Buradakı dəyirmi masa və ətrafına qoyulmuş bir neçə stul onillərdir ki, turistlərin sevə-sevə izlədiyi eksponata çevrilib. Çünki vaxtilə ulu Atatürk, səhnələşdirilən operaları məhz bu lojada oturaraq izləyərmiş. O vaxtdan da onun xatirəsinə sevgi və ehtiram olaraq həmin stullarda heç kim oturmayıb...

Otaqlarda da eynən, döşəmədəki qırmızı bəzəkli xalça, tən ortadakı iri, oymalı ağacdan düzəldilmiş masa və üzərindəki çox iri vaza, ətrafda sıralanmış divan və kreslolar, sol tərəfdə divara qısılıb qalmış qara rəngli iri şkaf tarixi əhəmiyyətə malikdir. Hətta bələdcinin dediyinə görə, masa və şkafı sultan II Əbdülhəmid şəxsən düzəldib.

Bakı-İstanbul-Ankara

Oxunma sayı 2759