Antiterror əməliyyatlarını Rusiya sülhməramlıları ləngidir - Şair Ramaldanov

19:03 07.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu gün rus sülhməramlı  qüvvələri Qarabağda qanunsuz erməni silahlılarının döyüş hazırlığının yüksəlməsi ilə məşğul olursa, deməli terrorçularla birgə fəaliyyət göstərirlər. Bu gün rus sülhməramlıları olmasaydı, nə poliqonları qalardı, nə də mövqeləri. Separatçıların yaranmasına şəraitt yaradan da, onların təhlükəsizliyini təmin edən də rus sülhməramlılardır”.

Bunu hafta.az-a hərbi ekspert Şair Ramaldanov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ iqtisadi zonasında separatçılara məxsus “bazalarda” hərbi təlimlər keçirməsi və əslində bununla hansı missiyanı həyata keçirmələri ilə bağlı açıqlamasında bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan ordusu 44 günlük müharibədə işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa edəndən sonra imzalanan 10 noyabr üçtərəfli bəyannaməyə əsasən Qarabağa yerləşən Rusiya sülhməramlı qüvvələri öz missiyasını əvvəldən düzgün icra etmədi. Rusiya sülhməramlıları ilk vaxtlardan Azərbaycanın maraqlarına əks olan fəaliyyəti ilə tanındı.

Ekspert bildirib ki, yeni tarixdə özü də separatçılığa məruz qalan Rusiyanın belə qüvvələrə hansı formalarda “qan uddurduğu” hər kəsə yaxşı məlumdur.

“Təbii ki, hər bir dövlət özünün təhlükəsizliyini qorumalı, separatizmlə mübarizə aparmalıdır. Lakin bu gün Azərbaycan ərazisində yerləşən  Rusiya hərbi qüvvələri daha çox separatçıların yanında dayanıb, onların maraqlarına uyğun hərəkət edir, separatçıların təhlükəsziliyinin təmin edir. Rusiya sülhməramlıları üçtərəfli bəyannamədə nəzərdə tutulmuş bəndlərin, xüsusən də 4-cü bəndi qanunsuz silahlıların Azərbaycan ərazisindən tərksilah edilib xaric edilməsini yerinə yetirmir. Bu gün Rusiya sülhməramlıları Qarabağda yerləşdiyi üçün separatçılar, Azərbaycan daxilində olan terrorçular tərəfindən törədilə biləcək təhlükələrdən danışırıq. Separatçıların hamısının başında müəyyən qüvvələr durursa, bu qüvvələrin təhlükəsizliyini təmin edən məhz Rusiya sülhməramlı qüvvələridir”.

Ş.Ramaldanov bildirib ki, əgər Qarabağda Rusiya sülhməramlıları təmas xətti yaratmasa Azərbaycan beynəlxalq normalar çərçivəsində və üçtərəfli sazişin 4-cü bəndinə əsasən qanunsuz silahlıları ölkədən xaric etmək missiyasını uğurla yerinə yetirə bilər.

“Əgər sülhməramlılar olmasaydı, Azərbaycan öz ərazisində yaşayan ermənilərin təhlükəsiziliyini təmin edər, hətta reinteqrasiya prosesini yekunlaşdırmış olardı. Bütün bunlar ərazidə yerləşən rus sülhməramlılarının öz işini tərsinə görməsi ilə bağlıdır. Bu gün rus sülhməramlıları onlara verilən “qiyməti” öz əməli ilə qazanıb. Sual olunur: Rusiya öz daxilində belə bir formada qanunsuz 10 min silahlını tərksilah etməmiş saxlayardımı. Yaxud, hansısa sülhməramlı missiya onun ərazisində yerləşən separatçıları himayə etsəydi, Rusiya bunu qəbul edərdimi. Əgər heç bir dövlət bunu qəbul etmirsə, o zaman nəyə görə Azərbaycanın bu haqsızlığı  qəbul etməsini düşünürlər. Əgər bu gün Rusiya sülhməramlıları terrorçuların təhlükəsizliyini təmin etmək məqsədi ilə şəxsi heyətin rotasiyasını və tamamlanmasına şərait yaradır, onları himayə edirsə, biz onları “sülhməramlı” adı daşımağa necə layiq görə bilərik. Bu gün Rusiya hərbi qüvvələrinin Qarabağda erməni poliqonlarında çöl-təlim mərkəzlərində separatçıların döyüş hazırlığının yüksəlməsində iştirak edirsə, bunun kimə qarşı edir”.

Ekspert hesab edir ki, bu gün Azərbaycanın antiterror əməliyyatları məhz rus sülhməramlılarının həmin ərazilərdə yerləşməsi ilə əlaqədar olaraq ləngiyir. Onun sözlərinə görə, Azərbaycan hələ də Rusiyanın öz missiyasına uyğun olaraq doğru addımlar atacağını gözləyir. Əks halda Azərbaycan dövləti öz iradəsini ortaya qoyub, gec-tez terrorçuları öz ərazisindən qovacaq.

Siyasət rubrikasından digər xəbərlər