Bu səhər Aşqabadda 7-ci Mərkəzi Asiya İqlim Dəyişikliyi Konfransı işə başlayıb.
Hafta.az-ın yazdığına görə, “Türkmənistan: İqlim Dəyişikliyi və Yaşıl Keçid” adlı videoçarxın nümayişindən sonra Türkmənistanın ətraf mühitin mühafizəsi naziri Çarıqeldi Babanyazov, Dünya Bankının İqlim Dəyişikliyi üzrə direktoru Valeri Hikki, GİZ Regional Proqramının direktoru Sergey Makarov, Avropa İttifaqının Türkmənistandakı səfiri Beata Peksa və sair çıxış ediblər.
Açılış plenar iclası regional və milli iqlim siyasətlərinə, nailiyyətlərə və gələcək üçün planlara həsr olunub.
Konfrans çərçivəsində “Türkmənistanın unikal endemik flora və faunasına giriş” adlı sərgi də nümayiş etdirilir.
Dünən təşkil olunan regional forum gün ərzində keçirilən silsilə tədbirlərdən əvvəl olub. Belə ki, ATƏT-in Aşqabaddakı Mərkəzi “Türkmənistan və Mərkəzi Asiyada iqlim risklərinə cavab verməkdə gənclərin və qadınların rolunun gücləndirilməsi” adlı seminar, eləcə də “İqlim dəyişikliyi: məzmun müxtəlifliyi və hədəf auditoriya” mövzusunda təlim və CAREC Rəhbərlər Şurasının 60-cı iclası keçirilib. Gün Mərkəzi Asiya üçün İqlim və İqtisadi Ssenarilərin İnkişafı üzrə iki saatlıq regional seminarla yekunlaşıb.
Mərkəzi Asiya İqlim Dəyişikliyi Konfransı mayın 14-dək davam edəcək, sonra iştirakçılar üçün Aşqabaddakı Beynəlxalq Axal-Teke Atçılıq Kompleksinə səyahət təşkil olunacaq.