Hindistanın ən böyük ucuz hava yolu şirkəti IndiGo, aviasiya sənayesində daha əvvəl görülməmiş yeni tətbiqini açıqladı.
Hafta.az-ın yazdığına görə, bu siyasət sayəsində qadın sərnişinlər yanlarındakı oturacaqları kimin rezerv etdiyini öyrənəcək, kişinin yanında oturub-oturmamaq üçün seçim edə biləcəklər.
Şirkət qadın sərnişinlərə uçuş zamanı qadınların hansı yerləri rezerv etdiyini göstərən çəhrayı oturma planı təklif edəcək. Bu plan qadın sərnişinlərə oturacaq seçərkən kömək edəcək, lakin kişi sərnişinlərə bu məlumat verilməyəcək.
Bu siyasət bütün dünyada aviasiya sənayesində bir ilkdir. Bununla belə, Hindistanda qadınlara əvvəllər qatar və avtobusla səyahət etmək üçün oxşar imkanlar verilib.
Bu xidməti IndiGo aviaşirkətinə genişləndirmək ideyası şirkət qadın sərnişinlərindən səyahət rahatlığı üçün nəyin vacib olduğunu soruşduğu bir sorğu keçirdikdən sonra ortaya çıxıb. Müştərilərin rəylərinə nə qədər dəyər verdiyini göstərən IndiGo, onların yanındakı sərnişinin cinsini seçmək tələbinə cavab verib.
IndiGo-dan CNN-ə verilən açıqlamada "Sərnişinlərimizə səyahət təcrübələrini daha rahat etmək üçün yeni funksiya təqdim etdiyimizi elan etməkdən qürur duyuruq. Biz bütün sərnişinlərimiz üçün misilsiz səyahət təcrübəsi təqdim etməyə sadiqik və bu yeni xüsusiyyət bu məqsədə çatmaq üçün atdığımız bir çox addımlardan yalnız biridir" deyilib.