Avqust Rusiyada “fəlakət ayı”dır

09:10 31.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada avqust ayı keçmişdə yaşanan iqtisadi və siyasi böhranlara görə “qara ay” kimi tanınır. 1991-ci ildəki uğursuz çevriliş cəhdi və 1998-ci ildəki böyük iqtisadi çöküş bu aya mənfi reputasiya verən ağıla gələn nümunələrdir. 2000-ci ildə “Kursk” sualtı qayığının batması, 1999-cu ildə Çeçenistanda müharibənin başlaması, 2008-ci ildə Gürcüstanla münaqişə kimi hadisələr də avqustun uğursuz ay kimi qəbul edilməsinə səbəb olub.

Hafta.az-ın yazdığına görə, lakin 2024-cü ilin avqustunda ciddi iqtisadi böhranların baş verməsi düşünülmür. Ekspertlər nə rublun ucuzlaşması, nə də böyük bank böhranı gözləmirlər. Buna baxmayaraq, Amerika fond bazarında mümkün dalğalanmanın qlobal iqtisadi böhranlara səbəb ola biləcəyi barədə xəbərdarlıqlar var.

İqtisadçılar bildirirlər ki, qlobal likvidlik böhranı neft və qaz qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər ki, bu da Rusiya büdcəsi üçün kritik nəticə verər. Lakin rubl dəyər itirsə belə, bunun ani və şok effekti verməyəcəyi proqnozlaşdırılır.

“Moskovskiy Komsomolets” qəzetinə danışan Rusiya İqtisadiyyat İnstitutundan İqor Nikolayev avqustda böyük iqtisadi böhranın baş verəcəyini gözləmədiyini deyib. Maliyyə məsləhətçisi Aleksey Kriçevski məzənnənin idxal-ixrac balansından asılı olduğunu və ciddi problem yaranarsa, səlahiyyətlilərin məzənnəni tarazlaşdırmaq üçün tədbirlər görə biləcəyini bildirir.

Dolların ilin sonunda 100 rubla yaxınlaşa biləcəyi təxmin edilsə də, bunun avqust ayına xas problem olmayacağı bildirilir.