Avropa İttifaqının (Aİ) icra orqanı olan Avropa Komissiyasından sızan hesabat layihəsində su qıtlığı səbəbindən gələcəkdə üzv dövlətlər arasında müharibələrin başlaya biləcəyi bildirilir.
Hafta.az-ın “Politico”ya istinadən yazdığına görə, mətndə Aİ ölkələrinin iqlim dəyişikliyinin mənfi təsirlərinə hazır olmadığına diqqət çəkilərək, su qıtlığının səhiyyədən enerjiyə qədər bir çox sektoru vuracağı ifadə edilir. Mətn bu vəziyyətin Aİ ölkələri arasında gərginliyi artıra biləcəyinə diqqət çəkir və aşağıdakı ifadələri ehtiva edir: “Bu risklər müxtəlif yollarla yaranacaq. Məsələn, üzv ölkələr arasında sərhədləri daxilində olmayan su ehtiyatları münaqişə riski yradır. Su ehtiyatlarına çıxış üçün rəqabət müxtəlif sektorlarda arta bilər”.
Komissiyanın hesabatında Aİ-nin iqlim dəyişikliyinin mənfi təsirlərini gələcəkdə daha çox hiss edəcəyi vurğulanır və “quraqlıq, daşqınlar, meşə yanğınları, xəstəliklər, məhsul çatışmazlığı, istiliklə bağlı ölümlər və infrastrukturun zədələnməsi kimi fəlakətlərə hazır olmalıdır".
Mətndə iqlim böhranının iqtisadiyyata təsirlərinə də diqqət çəkilir və 2100-cü ilə qədər Aİ iqtisadiyyatında 7 faiz gəlir itkisinin ola biləcəyi proqnozlaşdırılır. Sahil bölgələrində daşqınların illik 1,6 trilyon avro itkiyə səbəb ola biləcəyi təxmin edilir.
Araşdırmada həmçinin Aİ-də 1980-ci ildən bəri baş verən quraqlıq hadisələrinin ümumi illik 9 milyard avro, daşqınların isə 170 milyard avro itkiyə səbəb olduğuna dair məlumat paylaşılıb.
Həmçinin bildirilib ki, iqlim böhranı ilə Avropa ölkələri Qərbi Nil virusu kimi epidemik xəstəliklərlə mübarizə aparmalı olacaq, lakin dövlətlər buna hazır deyil.