Avropa ölkələrində qaçqınlar üçün “üzən düşərgələr”

11:15 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda Böyük Britaniya hökumətinin Krallığın ərazisinə daxil ola bilmiş miqrantları “üzən həbsxana” adlandırılan gəmidə yerləşdirməsi dünya ictimaiyyəti arasında fərqli fikirlərə səbəb olmuşdu. Hətta sonradan gəminin su sistemində bakteriyanın aşkarlanması və yoluxmamaları üçün oradakı bütün miqrantların başqa yerə köçürülməsi hadisəsi Londonun addımlarına qarşı tənqidləri daha da gücləndirdi.

London administrasiyasının “üzən həbsxana” adlandırdığımız, amma özlərinin “üzən düşərgə” dedikləri “ucuz” və “daha ​​idarə olunan” sığınacaq kimi xarakterizə etdiyi gəmi məsələsi gündəmə gəldikdə dünya buna sərt reaksiya verir. Amma maraqlıdır: bu dünyada ilk təcrübədirmi, yoxsa başqa ölkələrdə də “üzən həbsxana”lar və ya “üzən düşərgə”lər mövcuddur?  

Hafta.az olaraq qeyd edək ki, bu təcrübəni dünyaya əslində Belçika gətirib.

İlk dəfə 2016-cı ilin martında Belçikada immiqrantlar üçün belə bir düşərgə tətbiq edilib. Sığınacaq axtaranların qəbuluna cavabdeh olan federal agentlik “Fedasil”, Muide bölgəsində dayanan “Ponton Reno” gəmisini çıxış yolu kimi göstərib.

250 qaçqının olduğu barjadan müvəqqəti yerləşdirmə mərkəzi kimi istifadə edən “Fedasil” limanlardakı kanal qayıqlarında bu insanlara sığınacaq verməyə çalışır.

Lakin Belçika mediasına görə, əksəriyyəti Brüsseldə olmaqla, mart ayından bəri 3 min qaçqın hələ də küçələrdə həyat uğrunda mübarizə aparır.

Daha bir təcrübə Niderland Krallığında mövcuddur. 2022-ci ilin aprel ayında təxminən 1500 ukraynalı qaçqın Niderlandın liman şəhəri Rotterdamda dayanan “Holland America Line”də qalmağa başlayıb. Buna baxmayaraq, həmin ilin avqustunda yüzlərlə sığınacaq axtaran şəxsin Amsterdamdakı qəbul mərkəzlərindən kənarda qaldığı da müəyyən edilib. Bunun üzərinə Amsterdam limanına yanaşmış kruiz gəmisində azı min immiqrantın müvəqqəti yerləşdirilməsi planı təsdiqləndi.

Baş nazir Mark Rutte ölkənin şimal-şərqindəki Ter Apeldəki qaçqınların qəbulu mərkəzindəki vəziyyətdən "utandığını" və yer olmadığı üçün 700 miqrantın antisanitar şəraitdə çöldə yatdığını söylədi.

Fransa, Estoniya və Şotlandiya hökumətləri də Rusiya işğalından sonra evlərini tərk etməli olan ukraynalıları gəmilərdə qonaq edir. Məsələn, 2022-ci ilin martında Marseldəki bərə gəmi 1600 ukraynalının qəbulu üçün otelə çevrildi.

Şotlandiya hökumətinin ukraynalı qaçqınlara müvəqqəti sığınacaq vermək qərarından sonra mindən çox insan “MS Victoria” kruiz gəmisində Edinburqda məskunlaşıb.

2022-ci ilin aprelində Estoniya hökuməti də Ukraynadan gələn minlərlə mühacir üçün kruiz gəmisi icarəyə götürüb.

“Reuters”in məlumatına görə, İrlandiyanın İnteqrasiya Nazirliyi beynəlxalq müdafiəyə müraciət edənlər üçün sığınacaq təmin etmək məqsədilə barjalar və gəmilər üçün tender keçirməyi planlaşdırdığını açıqlayıb.