Avropa Xarici Əlaqələr Şurasının (ECFR) araşdırmasına görə, avropalı seçicilər artıq sağa və sola deyil, 5 fərqli qrupa bölünüb.
Hafta.az-ın yazdığına görə, araşdırmada bu il çoxlu seçkilərin keçiriləcəyi Avropa İttifaqında (Aİ) dünyanı sarsıdan 5 hadisəyə vətəndaşların baxışlarının müəyyən ediləcəyi bildirilib. Bu hadisələrə qlobal istiləşmə, 2015-ci ildə başlayan miqrasiya böhranı, qlobal iqtisadi problemlər, Ukrayna müharibəsi və pandemiya daxildir.
Hesabatda bu hadisələrin avropalılar tərəfindən "ekzistensial böhran" olaraq yaşandığına diqqət çəkilərək, siyasi rəftarların artıq sol-sağ və Aİ tərəfdarı və ya əleyhdarı kimi fərqlərlə tam başa düşülə bilməyəcəyi ifadə edilib. Bildirilib ki, bu 5 hadisə seçicilərə dərindən təsir edib və Avropada “böhran tayfaları” şəklində qruplaşmalara səbəb olub.
Həmçinin qeyd olunub ki, sözügedən beş böhran arasında ən çox təsir edənlərin iqlim problemləri və miqrasiya olub.
Sentyabr və oktyabr aylarında 15081 nəfərlə aparılan sorğuda iştirakçılara “Son 10 ildə gələcəyə baxışınızı ən çox hansı problem dəyişdi?” sualı verilib.
İqlim böhranı ilə bağlı suala cavab verənlərin əksəriyyətinin Danimarka vətəndaşları olduğu müəyyən edilib. Danimarkadan sonra sıra ilə Fransa, Böyük Britaniya, İtaliya, Almaniya və Polşa gəlir.
Böyük Britaniya pandemiya məsələsində birinci yerdə olduğu halda, miqrasiya böhranı məsələsində birincilik Almaniyaya aiddir.
Gələcəkdə ən böyük təhlükənin Ukrayna müharibəsi olduğunu iddia edənlərin əksəriyyəti Polşa vətəndaşlarıdır, daha sonra danimarkalılar gəlir.
Qlobal iqtisadi böhranı ən ciddi təhlükə kimi görənlər daha çox italyanlardır.
Eyni sual yaş bölgüsü baxımından araşdırıldığında, 18-29 yaşlıların iqlim böhranını ən böyük təhlükə olaraq gördükləri müəyyən edilib. Bu yaş qrupunda olanlar üçün qlobal iqtisadi böhran ikinci ən ciddi təhlükədir.
30-39 və 40-49 yaş qrupları üçün maliyyə böhranı gələcəyə təsir edəcək ən böyük problemdir.
40-49 yaşlılar pandemiyanın ən ciddi təhlükə olduğunu görsələr də, 70 yaşdan yuxarı avropalılar ən mühüm təhlükənin Rusiya-Ukrayna müharibəsi olduğunu bildiriblər.
Əhali əsaslı bölgüyə nəzər salsaq, Aİ-də səsvermə yaşında olan 372 milyon insanın təxminən 73,7 milyonu pandemiya, 73,6 milyonu iqlim problemi, 70,9 milyonu qlobal iqtisadi böhran, 58 milyonu miqrasiya ilə bağlı fikirlərini bildirir. Ukrayna müharibəsini 49,6 milyon insane təhlükə olaraq görüb, 46,5 milyon nəfər isə digər problemləri qeyd edib və ya suala cavab verməyib.
Bu ilin iyununda Aİ-də keçirilməsi planlaşdırılan Avropa Parlamentinə seçkilərlə yanaşı, Portuqaliya, Belçika, Avstriya, Xorvatiya, Litva və Böyük Britaniya da daxil olmaqla 15 ölkədə müxtəlif seçkilər keçiriləcək.