Azərbaycanda fiziki şəxslərin aldığı istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib. Belə ki, ötən ildən ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi “Dayanıqlı Maliyyə Hesabatı – 2024 b” buraxılışında qeyd edilib.
Məlumata görə, ötən il elektrik və hibrid avtomobil kreditinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik müqayisədə 33 faiz bəndi artaraq 48 faizə yüksəlib. 2023-cü ildə bu rəqəm 15 faiz olub.
Kreditlərin məbləği üzrə isə 27 faiz bəndi artaraq 65 faizə çatıb. Əvvəlki ildə isə bu göstərici 38 faiz idi.
Avtomobil kreditlərinin strukturundakı dəyişikliyi qəzetimizə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu kredit şərtlərinin sadələşdirilməsi ilə bağlıdır: “Mövcud qaydalara əsasən, avtomobillərin alışı zamanı bankların ayıracağı məbləğ avtomobillərin buraxılış ili ilə yanaşı, onların ekoloji göstəriciləri, daha dəqiqi elektrik, hibrid olmasından da asılı olaraq fərqlənir. Belə ki, elektrik və hibrid avtomobilləri üçün kredit şərtləri daha əlverişlidir. Məsələn,
qiymətindən asılı olmayaraq elektrik avtomobili, istehsal tarixi 3 il və ya daha azdırsa, bu avtomobil üçün kreditin təminata olan nisbəti 90 faizə qədər ola bilər. Yəni bu avtomobilin dəyərinin 90 faizinə qədər kredit götürmək mümkündür, ilkin ödəniş isə 10 faizdən başlayır. Elektrik avtomobilinin istehsal tarixi 3 ildən daha artıqdırsa, onun alışı zamanı dəyərinin ən çoxu 60 faizi qədər kredit götürmək mümkündür, ilkin ödənişi isə 40 faizdən başlayır. Qiymətindən asılı olmayaraq hibrid avtomobili istehsal tarixi 1 il və ya ondan az olduqda kreditin təminata olan nisbəti 80 faizə qədər ola bilər. Yəni bu avtomobilin alınması üçün avtomobilin dəyərinin 80 faizi qədər kredit götürmək mümkündür, ilkin ödəniş isə 20 faizdən başlayır. İstehsal tarixindən 1-3 il keçən hibrid maşınlanrın alınması üçün isə onların dəyərinin 60 faizi qədər kredit götürmək mümkündür, ilkin ödəniş 40 faizdən başlayır. Yaşı 3 ildən artıq olan hibrid avtomobilləri almaq üçün kredit götürəndə isə ilkin ödəniş azı 50 faiz olmalı, kreditin məbləği isə maşının dəyərinin maksimum 50 faizi qədər ola bilər. Hibrid və elektrik olmayan avtomobillərin alışı zamanı daha az kredit götürmək olar. Belə ki, istehsal tarixi 1 il və daha az olan avtomobilləri kreditlə alanda kreditin məbləği avtomobilin dəyərinin ən çoxu 60 faizi qədər ola bilər, ilkin ödəniş isə minimum 40 faiz olmalıdır. İstehsal tarixi 1-3 il arasında olan avtomobillərin kreditlə alışı zamanı maksimum kredit 50 faiz mümkündür, ilkin ödəniş isə azı 50 faiz olmalıdır. Avtomobilin istehsal tarixi 3 ildən artıq olduqda isə onu almaq üçün bank onun dəyərinin ən çoxu faizi qədər kredit verə bilər. Qalan hissə isə ilkin ödəniş olmalıdır. Bu baxımdan vətəndaşlar ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrini kreditlə almağa üstünlük verirlər”.
Ekspert vurğulayıb ki, elektromobillərin avtomobil bazarında olmasının bazara xüsusi təsiri yoxdur: “Bu gün ölkəmizə gətirilən minik avtomobillərinə nəzər salsaq görərik ki, ilk yerdə benzin yanacağı ilə çalışan avtomobillərdir, daha sonra hibrid mühərrikli avomobillər gəlir, hansılar ki, benzin və elektrik mühərriki ilə çalışır. Üçüncü yerdə dizel mühərrikli avtomobillərdir. Dördüncü yerdə isə elektromobilləri qeyd edə bilərik. Bu, o deməkdir ki, bizim ölkəmizdə elektromobillər hələ populyar deyil, lakin bu avtomobillərə böyük maraq var. Ölkədə, təxminən, 5 min civarında elektromobil var və 300-ə yaxın enerji doldurma məntəqəsi var. Bu avtomobillərin ölkəyə gətirilməsi dövlət tərəfində stimullaşdırılıb. Belə ki, ölkəyə idxal olunan yeni elektromobillər vergidə də, gömrükdə də bütün rüsumlardan azad edilib. Bu da sahibkarlara imkan verir ki, belə nəqliyyat vasitələrini ölkəmizə gətirsinlər, çünki onlar üçün daha sərfəlidir. Eyni zamanda rüsumlardan azadolmalar ölkə daxilində belə nəqliyyat vasitəllərinin qiymətinin sabit qalmasına şərait yaradır və onları vətəndaşlar üçün əlçatan edir.Sadəcə yaxşı olardı ki, vətəndaşlar elektromobil alarkən xüsusi diqqət yetirsinlər. Yəni bizim ölkəmizdə fəaliyyət göstərən rəsmi servis mərkəzlərindən, rəsmi dilerlərdən həmin avtomobilləri alsınlar ki, zəmanəti olsun. Onu da əlavə edim ki, vətəndaşlar özləri bir-iki ilin avtomobillərini ikinci əl olaraq xaricdən gətirə bilərlər. Sadəcə araşdırıb baxsınlar ki, sırf həmin markanın, modelin bizim ölkəmizdə servisi mövcuddur, yoxsa yox. Əgər deyilsə, o zaman belə avtomobillləri alıb ölkəmizə daşımasınlar. Diqqət yetirsinlər ki, bizim ölkəmiz avtomobil seqmentində Avropa spesifikasına aiddir, elektromobillər də, hibrid avtomobillər də Avropa standartına cavab verməlidir. Çalışsınlar ki, Avropa üçün istehsal olunuş nəqliyyat vasitələrini alıb ölkəyə gətirsinlər”.