Axundov adına kitabxana nə zaman açılacaq?

16:29 21.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə covid-19 virusunun yayılmağa başladığı vaxtlarda tətbiq edilən ilk qapanma tədbiri ötən ilin mart ayına təsadüf edir. Həmin ərəfələrdə bir sıra iri ticarət obyektləri və mədəniyyət mərkəzlərinin işinə, o cümlədən kütləvi toplanmaya zərurət yaradan fəaliyyətlərə məhtudiyyətlər qoyuldu. Belə mədəni mərkəzlərdən biri də kitabxanalardır. 

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 11 mart 2020-ci il tarixindən etibarən oxucularına kitabxana daxilində xidmət dayandırıb. Artıq istər orta, istərsə də ali məktəblərdə ənənəvi təhsil COVİD- 19 Pasportu tətbiq edilməklə bərpa edilir. Bəs tələbələrin əlavə bilik üçün üz tutduqları Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası necə, fəaliyyətini bərpa edəcəkmi?  

M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının drektor müavini Ədibə İsmayılova hafta.az-a bildirib ki, qapanma qərarından sonra, fəaliyyət onlayn olaraq davam etdirilir.

“Hazırda oxucular onlayn formada bizə müraciət edirlər. Elektron oxu pəncərəsində xidmətlər 3 dildə davam etdirilir”.

Universitetlərin açılması ilə kitabxananın ənənəvi qaydada fəaliyyətinizin bərpası məsələsinə gəldikdə isə, Ədibə xanım bildirdi ki, hələlik bununla bağlı onda heç bir məlumat yoxdur. Üstəlik onlayn qaydada fəaliyyətləri heç də ənənəvidən geri qalmır:

“Bu barədə bizə hələlik heç bir məlumat verilməyib. Çünki, Nazirlər kabinetinin sərəncamı olmalıdır. Pandemiya oxucularımızın sayını heç də azaltmadı. Əvvəllər gün ərzində 800-1000 nəfər kitabaxanamıza müraciət edirdisə hazırda onlayn oxucularımızın sayı 3 milyona yaxınlaşır. Bəzi kitablar var ki, onların onlayn variantı olmur. Bu halda bizə müraciət edilir və qısa zamanda adətən gün ərzində həmin kitab elektron formada işlənib kataloqa əlavə olunur”.

Xatırladaq ki, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası ölkənin ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon nüsxədən artıqdır. 

Oxunma sayı 37