"ABŞ Prezidenti Donald Tramp çox çətin bir yola çıxıb. Şübhəsiz ki, söhbət münaqişə və müharibə ocaqlarının söndürülməsindən gedir".
Bunu Hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat vurğulayıb ki, dünyanın qaynayan bir neçə nöqtəsi olsa da, Yaxın Şərq bu məsələdə spesifikliyi ilə seçilir:
"Hər şeydən öncə ona görə ki, region siyasi, iqtisadi olduğu qədər, tarixi baxımdan da çətinliklərlə, barışmaz mövqe ilə doludur. Buna baxmayaraq, Trampın bu işdə son dərəcə qətiyyətli olduğunu görürük. Tramp onun da fərqindədir ki, həmin çətin yolda ona müttəfiqlərinin köməyi və dəstəyi son dərəcə vacibdir. Bu xüsusda, Türkiyənin yerini xüsusilə vurğulamaq lazımdır. Çünki Türkiyə İsrailin Qəzza ilə bağlı atdığı addımlara gur səslə qarşı çıxan aktordur. Türkiyədən əlavə bu işdə Trampın Misir və Qətərlə də qarşılıqlı və çoxtərəfli dialoqlar apardığını gördük. Nəhayət, Misirin Şarm Əl-Şeyx şəhəri tarixi hadisəyə şahidlik etdi".
A.Badamov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan nüfuzundan xəbər verir:
"Sammit boyu dünya liderlərinin Azərbaycan Liderinə göstərdiyi münasibət bir daha sübut etdi ki, bütün beynəlxalq meydanlarda dövlət başçımızı xüsusi qarşılayırlar. Azərbaycan sadəcə daxili və regional gündəlikdən kənara çıxaraq xarici siyasətini beynəlxalq müstəvidə icra etmir, həm də daxili siyasətdə tətbiq etdiyi metodları, təcrübəni dünya ilə bölüşür. Yaxın Şərqin yenidən qurulmasında Azərbaycanın təcrübəsindən istifadə oluna bilər. Onu da deyək ki, Azərbaycan Yaxın Şərqdə artıq var. Suriyaya qaz nəql etməyimiz bunun əyani sübutudur.
Otuz illik zaman periodu və ondan sonrakı proses Azərbaycana böyük təcrübə qazandırıb. Bərpa quruculuq işlərində Azərbaycan nümunəvi iş ərsəyə gətirir. Azərbaycan bu təcrübəsini bölüşməyə hazırdır. Dünyanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasında Azərbaycan dövlətinin, onun Liderinin baxışlarına ehtiyac yaranıb. Şarm əl-Şeyx Sülh Sammitində Donald Tramp Prezident cənab Prezident İlham Əliyevi “çox güclü, öz işini çox yaxşı görən lider” kimi xarakterizə etdi. Dünyanın fövqəldövlətinin lideri tərəfindən bu münasibəti qazanmaq Azərbacan Liderinin illərlə apardığı ardıcıl siyasətin, yorulmaz səylərin nəticəsidir".