Prezidentin Laçın səfəri Ermənistana verilən növbəti xəbərdarlıq mesajları baxımından diqqətlə izlənir. Ermənistanın, eləcə dünyanın bu çıxışlardan hansı dərsi götürməsindən asılı olmayaraq Azərbaycanın dövlət başçısı siyasi iradəni ortaya qoydu.
Siyasi şərhçi Aytən Qurbanova hafta.az-a açıqlamasında bildirib ki, Ali Baş Komandan Laçında bir çox istiqamətdə açıq mesajlar verdi və bu mesajların ünvanları da məlumdur. Onun sözlərinə görə, verilən bütün mesajlar Ermənistanın hərbi-siyasi hakimiyyətinə ünvanlanmaqla yanaşı, konkret şərtləri də özündə ehtiva edir.
“Əgər Ermənistan tərəfi post-müharibə dövrünün reallıqlarını qəbul etmədən danışıqlar prosesini uzatmaq və vaxt qazanmaq niyyətindədirsə, onda "Qisas" və "Qətiyyətli cavab" əməliyyatlarından dərs çıxarmalıdırlar. Çünki Azərbaycan Respublikası heç bir halda ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək.
İkincisi, Ermənistanı dəstəkləyən qlobal güclər də son hadisələri obyektiv qiymətləndirərək ədalətli mövqe nümayiş etdirməlidirlər. Belə ki, onların Ermənistanın təcavüzkarlıq siyasətini dəstəkləməsi və ya "telefon diplomatiyası" yolu ilə Azərbaycana təzyiq etmək niyyətləri proseslərin gedişatına təsir etməyəcəyi kimi, Azərbaycanın qətiyyətli mövqeyini də dəyişdirə bilməz.
Üçüncü və kifayət qədər önəmli mesaj isə Ermənistanın bugünə qədərki cinayətlərinə göz yuman beynəlxalq birliyə ünvanlanıb. Azərbaycan Respublikası bugün işğaldan azad olunmuş öz suveren ərazisində həyata keçirdiyi quruculuq işləri ilə paralel şəkildə ermənilərin təcavüzkarlıq siyasətinin bütün izlərini də sənədləşdirməkdə davam edir və qanuni haqlarını tələb edərək cinayətkarın cəzalandırılması üçün beynəlxalq tribunalarda çıxış edəcəkdir”.