Azərbaycan təmsilçilərinin "Eurovision" çıxışları - SORĞU

17:51 13.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Sabah, dünyanın ən uzunömürlü telelayihəsi olan 66-cı "Eurovision" mahnı müsabiqəsinin final mərhələsi baş tutacaq. İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi müsabiqədə təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə finala vəsiqəni təmin edib.

Hafta.az Azərbaycan incəsənət nümayəndələrinin müsabiqəyə olan maraq və gözləntilərini öyrənmək üçün sorğu keçirib.

Mövzu ilə bağlı ilk olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının gənc və istedadlı aktyoru Əmrah Dadaşov fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə,  müsabiqəni 15-16 ildir ki, böyük maraqla izləyir. Aktyor bu il Ukraynanın qalib olacağını düşünür:

“Son illər xal sistemində edilən dəyişikliklər müsabiqəni bir qədər maraqsızlaşdırdı, həyəcanı azaltdı. Hamı bilir ki, müsabiqədə həm də siyasət var. Amma düşünmürəm ki, bu günə qədər layiq olmayan iştirakçılar qalib gəlib. Özü də hər dəfə bir neçə gün öncədən qalibi təxmin edirdim. Ehtimallarım da hər zaman özünü doğruldub. Məncə, bu il Ukrayna birinci olacaq. Bu da dünyanın siyasi olaraq həmin ölkəyə bəslədiyi rəğbətdən irəli gəlir”.

Ə.Dadaşov, təmsilçimiz Nadir Rüstəmlinin qələbəsini arzulasa da, onu favoritlər arasında görmədiyini söylədi:

“Builki təmsilçimizi, Nadiri tanıyıram. Mənim fikrimcə favoritlərdən deyil. Ürəyimizdən keçən odur ki, qalib  olsun. Mənə görə Azərbaycanın Avroviziya mahnı müsabiqəsindəki ən gözəl ifası, 2008-ci ildə baş tutan ilk çıxışımız idi. Elnurla, Samirin dueti ilk dəfə iştirak edən ölkə üçün kifayət qədər yaxşı nəticə göstərmişdi. Düşünürəm ki, eyni ifa qatıldığımız ilk il deyil, gələcəkdə edilsəydi, birinci yeri qazana bilərdi. Ümumilikdə isə ən sevdiyim Avroviziya mahnı müsabiqəsi 2009-cu ilə baş tutan olub. Məncə bütün favorit mahnılar elə həmin ildə ifa edilib. Hələ də həmin mahnılara qulaq asıram. İnşallah ki, bu il qalib olarıq, ancaq buna elə də inanmıram”.

Sevilən  müğənni Ayaz Babayev də ölkəmizin ən möhtəşəm Avroviziya çıxışının Elnur və Samirə aid olduğunu düşünür. İfaçının fikrincə, sözləri və musiqisi həmyerlilərimizə aid olan çıxışın belə uğurlu olmasına başlıca səbəb də məhz elə “öz məhsulumuz” olmasıdır:

“Açığı son 5 ildə Avroviziya elə də maraqlı deyil. Ancaq yenə də baş verən bütün proseslərdən xəbərim var.

Düşünürəm ki, biz qalib gəldikdən sonra müsabiqəyə elə də özən göstərmirik. Bu da normaldır. Səhv etmirəmsə, onuncu iştirakımızda birinci yeri tutduq. Hər dəfə müsabiqədə bizi çox istedadlı gənclər təmsil edirlər. Onlarla qürur duyuram.  Samira Əfəndi iki il ard-arda çox möhtəşəm performans göstərdi. Bu il Nadir böyük istedad sərgiləyir. Məncə işin üstünə ciddi şəkildə düşmürük. Mənə  görə Azərbaycanın Avroviziya mahnı müsabiqəsindəki ən gözəl çıxışı Elnur və Samirin ifası olub. Yeganə mahnı idi ki, o mahnını azərbaycanlılar yazmışdı. Müəllif Gövhər Həsənzadədir. İlk mahnımızı həmyerlimiz yazdı, ondan sonrakıları isə xaricilər. Mənə elə gəlir ki, Gövhər Həsənzadənin mahnısı ilə sonrakılar arasında yerlə-göy qədər fərq var. Hansı ki, Gövhər xanımın yazdığı digərlərindən qat-qat üstündür. Çünki burada həm muğam, həm opera, həm də rok var idi.  Elnur ilə Samir isə sözün əsl mənasında mahnının öhdəsindən gəlmişdilər.  Mən bu müsabiqəni hər zaman izləmişəm. Düşünürəm ki, Avroviziyanın top-5 çıxışını hazırlasam ora mütləq şəkildə Elnur və Samirin möhtəşəm duetini də əlavə edərəm. Mənə görə heç vaxt unudulmayacaq digər performansımız isə Araş və Ayselin adı ilə bağlıdır”.

Xalq artisti Aygün Bayramova isə hazırda başının Muğam müsabiqəsinə qarışdığını, bu səbəbdən də Avroviziya-2022 çıxışımızı izləyə bilmədiyini söylədi. Ancaq xanəndə, öncəki illərdə müsabiqəyə böyük maraqla baxdığını vurğuladı:

“Nadir Rüstəmlinin çıxışını isə izləmədiyim üçün fikir bildirməyəcəm.  Mənə görə ölkəmizin müsabiqədə ən möhtəşəm çıxışları, Nigar Camal və Eldar Qasımovun, Səfurənin, Aysel Teymurzadənin və Samirlə, Elnurun dueti olub. Hətta deyərdim ki, Samir və Elnurun dueti müsabiqənin ən yaxşı çıxışlarındandır. Düşünürəm ki, musiqidən başı çıxan hər kəs mənimlə razılaşar. Nadirə uğurlar arzulayıram!”

Xalq artisti deyir ki, son illərdə bu müsabiqədə uğur qazanmamağımızın səbəbləri müxtəlifdir:

“Bəzən görürsən ki, mahnı və səhnə tərtibatı yaxşı olur, ancaq ifaçı özünü göstərə bilmir. Bəzən isə mahnı zəif olur. Biz artıq uzun illərdir bu müsabiqədə təmsil edilirik”.

Qeyd edək ki, Avroviziya mahnı müsabiqəsi ilk dəfə olaraq 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində reallaşdırılıb.

Oxunma sayı 29