Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsinin alternativi yoxdur - Ekspert

17:31 26.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Türkiyə uzun müddətdir ki, regionda atılan addımları birgə koordinasiya etməklə məşğuldur.

Bu fikirləri hafta.az-a politoloq Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin iqtisadi, siyasi, hərbi sahədə dərinləşməsi kifayət qədər sürətlə gedən və heç də hamıya xoş olmayan prosesdir. Politoloq eyni zamanda hesab edir ki, Türkiyənin müxtəlif layihələrdə Azərbaycanla birgə iştirakı Azərbaycanın əlini gücləndirən, Türkiyənin də iqtisadi-siyasi maraqlarına xidmət edən faktordur.   

“Türkiyə prezidentinin növbəti dəfə Azərbaycana səfəri bu əlaqələrin genişləndirilməsi, yeni loqistik koridorların, marşrutların açılması üçün müəyyən dərəcədə alt yapıların yaradılmasına səbəb olacaq. Əlaqələrin kifayət qədər genişləndirilməsi gözlənilir. Azərbaycan atdığı istənilən addımlardan Türkiyə ilə birgə məsləhətləşmənin olması da təbiidir. Çox güman ki, Moskva-Bakı, Moskva -Ankara görüşlərində də Bakı ilə Türkiyə eyni mövqedən çıxış etməyə və mövqeləri uzlaşdırmağa və razılaşdırmağa çalışırlar. Azərbaycanla Ermənistan arasında baş tuta biləcək növbəti sazişlər Türkiyənin birbaşa iştirakı olmadan, amma dolayı iştirakı ilə keçirilir. Bu, aydın şəkildə görünür.

Rusiyanın burda əsas moderator olması nəzərə çarpır. Amma göründüyü kimi Rusiya da bir çox məsələlərdə Türkiyə ilə fikir mübadiləsi aparmaq istəyir. Çünki Rusiya ilə Türkiyənin dünyanın bir çox regionlarında da  maraqlarının toquşması və yaxud da üst-üstə düşməsi baş verir. Nəticə etibarilə iki böyük dövlətin regionda sülh və sabitliyin bərqərar olmasında önəmli rol oynayacaq. Ona görə də Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi alternativi yoxdur”.

Oxunma sayı 24