Azərbaycanla Mərakeş arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmış birgə komitənin ikinci iclası Mərakeşin paytaxtı Rabatda keçirilib.
Hafta.az-ın MAP-a istinadən yazdığına görə, Mərakeşin xarici işlər naziri Nasser Burita və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən sessiya çərçivəsində logistika, enerji, ətraf mühit, əmək və səhiyyə sahələrində sazişlər imzalanıb.
Bildirilib ki, logistika sahəsində imzalanan saziş iki ölkənin xeyrinə əməkdaşlığı inkişaf etdirmək və sektorda mobilliyi asanlaşdırmaq məqsədilə hazırlanıb.
Məlumatda qeyd edilir ki, enerji sahəsində imzalanan saziş neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə Mərakeşlə Azərbaycan arasında fikir mübadiləsinə və enerji xidmətləri sektorunda əməkdaşlıq imkanlarına şərait yaradacaq. Saziş həmçinin bərpa olunan enerji sektorunu da əhatə edir və iki ölkənin enerji sahəsində qayğı göstərdiyi məsələlərlə bağlı elmi-texniki araşdırmalara yol açır.
Azərbaycanla Mərakeş arasında ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən düzgün istifadə üzrə əməkdaşlığın artırılması məqsədilə ətraf mühit sahəsində anlaşma memorandumu imzalanıb.
Mərakeşin İqtisadi İnteqrasiya Nazirliyi ilə Azərbaycanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında hər iki ölkədə birgə fəaliyyətin həyata keçirilməsi və əmək qanunvericiliyinin həyata keçirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. Bildirilib ki, anlaşma memorandumunun məqsədi əməyin mühafizəsi və təhlükəsizliyinin artırılması, əmək mübahisələrinin həlli, əmək bazarı siyasətinin işlənib hazırlanması, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin və işgüzar bacarıqlarının artırılmasıdır.
İki ölkə arasında səhiyyə sahəsində imzalanan anlaşma memorandumu ilə səhiyyə sahəsində təcrübə və məlumat mübadiləsi yolu ilə səhiyyə və tibb elmləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi hədəflənir.