11 iyun tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Hafta.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tailand nümayəndə heyətinə isə Konsulluq məsələləri departamentinin baş direktoru Munqkorn Pratoomkaev rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri çərçivəsində Azərbaycanla ilə Tailand arasında konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və aidiyyəti sahələr üzrə qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər böhran vəziyyətlərində vətəndaşların təxliyəsi və onlara operativ konsulluq yardımının göstərilməsi sahəsində mövcud təcrübə və qabaqcıl mexanizmləri nəzərdən keçiriblər.
Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.