Mayın 20-dən 25-dək Azərbaycanda Təbiət zamanı–Pop-up Ekofeminizm Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək.
Hafta.az-ın yazdığına görə, festival düşündürücü sərgiləri, ruhlandırıcı söhbətləri, immersiv seminarları, mühazirələr, panel müzakirələri və icma tərəfindən idarə olunan təcrübələri bir araya gətirən, incəsənət, gender bərabərliyi və ekoloji ədalətin transformativ beş günlük proqramı əhatə edir.
Ekofeminizmə əsaslanan bu tədbir təbiətin istismarı ilə qadınların sıxışdırılması arasındakı əlaqəni ön plana çıxarır və bu mühüm məsələləri yaradıcı ifadə vasitəsilə araşdırmaq üçün sənətçilər və mədəniyyət işçilərinə platforma təqdim edir.
Dünyanın artan ekoloji fəlakətlər və davam edən gender bərabərsizliyi ilə üzləşdiyi bir dövrdə, bu festival bir-biri ilə əlaqəli həll yollarına daha dərin anlayış yaratmağı qarşısına məqsəd qoyur. Qadınların marjinallaşdırılması ilə planetin məhvi arasındakı dərin əlaqəyə diqqət çəkən ekofeminizm hərəkatı bu qlobal böhranlara unikal baxış bucağı təqdim edir. Yeni yaranmaqda olan sənətçilərin, düşüncə liderlərinin işlərini nümayiş etdirən festival daha davamlı və ədalətli gələcək üçün hərəkətə keçməyə ilham verir və həm sosial, həm də ekoloji dəyişikliklərin təbliğatını aparır.
Festival müddətində iştirakçılar ənənəvi perspektivləri sorğulayan və tənqidi düşüncəyə dəvət edən müxtəlif bədii və intellektual təcrübələrdə iştirak edəcəklər.
Təbiət zamanı - Pop-up Ekofeminizm Beynəlxalq Mədəniyyət Festivalı təbiət, cəmiyyət və bir-birimizlə olan münasibətimizi yenidən düşünmək üçün dəvətdir. Sənət, dialoq və kollektiv fəaliyyətlə zənginləşdirilmiş proqram vasitəsilə festival bütün iştirakçıları yaradıcılığın ekoloji və sosial transformasiya üçün necə bir alətə çevrilə biləcəyi barədə düşünməyə təşviq edir.
Festivalın kuratoru: Aynur Abutalıbova (Salaam Community), mentor: Sabina Şıxlinskaya (Azərbaycanın Əməkdar Rəssamı, Müstəqil kurator), Art menecer: Aqnessa Tariverdiyeva.
Tədbirə dəstək verən qurumlar: İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Latviya səfirliyi, Avstriya səfirliyi, Salaam Mədəniyyət Məbədi, Goethe-Zentrum Baku, Nine Senses Art-mərkəz və Elnarə Nəsirli Studiyası.
Proqramla geniş tanış olmaq üçün www.tobeawoman.az səhifəsinə daxil olaraq məlumat əldə etmək mümkündür.