Azərbaycanın regional oyunçularla əlaqələri yeni mərhələyə keçir" - Azər Hüseynov
"Azərbaycanın Qəzzada sülhməramlı əməliyyatlarda iştirakının gündəmə gəlməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və diplomatik çevikliyinin bariz göstəricisidir. Bu təşəbbüs Azərbaycanın təkcə regional sabitlik və təhlükəsizlik sahəsində deyil, həm də qlobal humanitar proseslərdə aktiv mövqe sərgiləmək istədiyini ortaya qoyur".
Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Azər Hüseynov bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan uzun illərdir beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi tanınır:
"Ölkəmiz Balkanlardan Əfqanıstana qədər müxtəlif sülhməramlı əməliyyatlarda iştirak etməklə həm hərbi, həm diplomatik, həm də humanitar potensialını nümayiş etdirmişdir. Qəzza məsələsində belə bir iştirak gündəmə gələrsə, bu, Azərbaycanın beynəlxalq imicinə yeni strateji ölçü qazandıracaqdır. Qəzzada baş verən humanitar böhran təkcə Yaxın Şərq regionunun deyil, bütün beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Belə bir vəziyyətdə Azərbaycan kimi balanslı xarici siyasət yürüdən, həm müsəlman dünyasında, həm də Qərb ölkələri ilə münasibətlərdə etimad qazanan bir dövlətin prosesdə iştirakı xüsusi əhəmiyyət daşıya bilər. Azərbaycan bu missiyada həm müttəfiq, həm tərəfdaş, həm də vasitəçi dövlət kimi çıxış etmə potensialına malikdir".
A.Hüseynov hesab edir ki, belə bir addım ölkəmizin milli maraqları baxımından da əhəmiyyətlidir. Ekspert bildirib ki, Azərbaycan diplomatiyası son illərdə regional sülh təşəbbüslərində fəal mövqe tutaraq, Cənubi Qafqazda yeni sabitlik modelinin formalaşmasına mühüm töhfə verib:
"Qəzzada sülh prosesində iştirak bu siyasətin davamı kimi dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın beynəlxalq arenada "sabitlik ixrac edən" dövlət obrazını möhkəmləndirəcək, diplomatik manevr imkanlarını genişləndirəcəkdir. Əgər Azərbaycan regionda sülhün bərpası və humanitar yardım mexanizmlərinin qurulmasında real iştirak edərsə, bu, yüksək siyasi iradənin, beynəlxalq məsuliyyətin və insani dəyərlərə sadiqliyin təzahürü olacaq. Belə bir qərar həm də Azərbaycanın Türkiyə, Misir, Qətər kimi regional oyunçularla əlaqələrinin yeni mərhələyə keçməsinə, müsəlman dünyasında liderlik rolunun daha aydın görünməsinə səbəb ola bilər".