Azərbaycanın qlobal siyasətin etibarlı tərəfdaşına çevrildiyinin rəsmi etirafı - Rəy

14:26 14.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin birgə təşəbbüsü ilə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunması bir çox məqamlarda Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nüfuzun, etimadın və liderlik keyfiyyətlərinin bariz göstəricisidir. Bu, təkcə diplomatik jest deyil. Bu, eyni zamanda, İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərinin göstəricisi, həm də sözsüz ki, Azərbaycanın son illər ərzində qlobal siyasətin etibarlı tərəfdaşına çevrildiyinin rəsmi etirafıdır".

Bu fikirləri Hafta.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev qeyd edib ki, Qəzza planı kimi mürəkkəb və ziddiyyətli bir məsələnin müzakirə edildiyi beynəlxalq platformaya Prezident İlham Əliyevin şəxsən dəvət olunması, onun sülhyaratma təcrübəsinə olan ehtiyacın göstəricisidir:

"Çünki Azərbaycan bu gün təkcə regional deyil, həm də qlobal miqyasda sülh, sabitlik və əməkdaşlıq modelini praktik şəkildə sübut etmiş bir dövlətdir. Xatırladım ki, Prezident İlham Əliyev son bir ayda dörd fərqli coğrafiyada, yəni, Kopenhagendə Avropa Siyasi Birliyinin Sammitində, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvəsində, Düşənbədə MDB Sammitində və nəhayət, Şərm əş-Şeyxdə Yaxın Şərq Sülh Toplantısında iştirak etməklə, faktiki olaraq, Azərbaycanın diplomatik fəallığının miqyasını ortaya qoydu. Bu dinamizm təsadüfi deyil. Bu, sözün əsl mənasında, İlham Əliyevin formalaşdırdığı çoxşaxəli, balanslı və prinsipial xarici siyasətin nəticəsidir".

B.Quliyev bildirib ki, Azərbaycanın Yaxın Şərq problemində oynaya biləcəyi rol konkret və realdır. Onun sözlərinə görə, ilk növbədə Azərbaycan müharibədən qalib çıxmış, ərazi bütövlüyünü bərpa etmiş bir dövlət kimi sülhün bərqərar olmasının mümkünlüyünü praktik nümunə ilə sübut edib.

"Eyni zamanda, Bakı bu gün həm İslam dünyasının, həm də Qərb institutlarının etimad göstərdiyi nadir paytaxtlardan biridir. Bu isə onu vasitəçi, dialoq təşəbbüskarı və etimad körpüsü roluna daha da yaxınlaşdırır. Sammit çərçivəsində Prezident İlham Əliyevin həm Yaxın Şərq liderləri, həm də Qərb nümayəndələri ilə keçirəcəyi görüşlərdə əsas mesaj Azərbaycanın prinsipial, milli marağa söykənən mövqeyidir. Azərbaycan daima sülhün tərəfdarı kimi, regionda və dünyada gərginliyin azaldılması, humanitar fəlakətlərin qarşısının alınması istiqamətində konkret təşəbbüslər irəli sürür. Hesab edirəm ki, Prezident İlham Əliyevin Yaxın Şərq Sammitində iştirakı həm Azərbaycanın beynəlxalq nüfuzunun təzahürüdür, həm də yeni geosiyasi mərhələdə ölkəmizin “sülh ixrac edən dövlət” statusunu daha da möhkəmləndirir. Azərbaycan artıq qlobal proseslərin kənarında deyil, tam onun mərkəzindədir", - deyə siyasi şərhçi qeyd edib.