Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsində Türkiyənin iştirakı vacibdir - Ekspert

16:08 28.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Hava Limanının açılışı ilə əlaqədar Azərbaycana səfəri baş tutdu. Bu səfər təqdirəlayiqdir və xalqımız qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olmasından məmnundur.

Bunu hafta.az-a politoloq Əli Mustafa Türkiyə Prezidentinin Azərbaycana son səfəri və noyabr ayında Moskvada gözlənilən 3 tərəfli görüşləri şərh edərkən bildirib.

Ə.Mustafa Azərbaycanın son bir ildə ağır dönəmdən keçdiyini, torpaqları azad edəndən sonra erməni təcavüzündən tam xilas olmaq üçün baş vurduğu yollara diqqət çəkib.

“Azərbaycan bu prosesdə Rusiyanın, İranın, Fransanın və digər erməni havadarlarının basqıları ilə qarşılaşır. Belə bir vəziyyətdə Türkiyənin daim Azərbaycanın yanında olması qürurvericidir və cəmiyyətimiz üçün mənəvi dəstəkdir.  Bu, eyni zamanda düşmənlərə və onlara havadarlıq edənlərə “Türkiyə Azərbaycanın yanındadır və onun təhlükəsizliyinə bir qarantdır” mesajı kimi qəbul olunmalıdır.  Ərdoğanın səfər sonunda verdiyi mesaj Azərbaycanla Türkiyənin qardaşlığının, birliyinin daimi olcağına  işarədir. Bu, eyni zamanda aeraportun, yeni yaşayış məskənlərinin açılması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində məskunlaşma prosesində Türkiyənin dəstəyinə güvənin göstərilməsidir”.

Politoloq hesab edir ki, bu birlik və qardaşlıq geriyə dönməyən bir prosesdir və bu əməkdaşlığın institutlaşmasına ehtiyac var.

“Vaxt itirmədən Azərbaycan-Türkiyə əlaqələrini bərkidən siyasi-hüququ addımların atılmasına gedilməlidir ki, hər kəs bu birliyə qarşı hər hansı cəhdlərin nəticə verməyəcəyini anlasın”.

Ə.Mustafa Rusiya, Ermənistan, Azərbaycan liderlərinin Moskvada keçirilməsi nəzərdə tutulan görüşlərə və yeni müqavilələrin bağlanmasına dair yayılan müxtəlif informasiyalara diqqət çəkib. O, kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədlərini delimitasiya, demorkasiyası  ilə bağlı sənədlərin hazırlanacağı, imzalanacağı barədə məlumatların yayıldığını qeyd edərək, işğalçı ölkənin son məqamda proseslərdən yayınma ehtimalını da inkar etməyib.

“Əslində bu proses çoxdan başlanmalıdır. Sərhədlərin müəyyənləşməsinin hansısa şərtlərə - sülh sazişinə, status məsələsinə, Zəngəzur dəhlizinə bağlanması düzgün deyil. Çünki beynəlxalq hüququn tələbinə əsasən bütün hallarda dövlətlərin sərhədləri müəyyənləşməlidir və bütün hallarda bu işlərin görülməsi vacibdir”.

Politoloq 8-9 noyabrda keçirilməsi nəzərdə tutulan Moskva prosesində Rusyanın təkbaşına vasitəçilik etməsini düzgün saymır.

“Təəssüf ki, Rusiya hər zaman proseslərə özünün maraqlarını qoşur və bu və ya başqa şəkildə Azərbaycanın suverenliyinə kölgə salır. Rusiyanın burdakı fəal rolu Azərbaycanın suverenliyinə zərbə vurur.  Ona görə hesab edirəm ki, ya məsələlər ikitərəfli - Azərbaycan-Ermənistan, yaxud da 4-lük formatında -Ermənistan -Rusiya, Azərbaycan-Türkiyənin iştirakı ilə həll olunmalıdır. Danışıqlar prosesində Rusiyanın tək arbitorluğu  doğru deyil. Orda Türkiyə də iştirak etməlidir. Məlumdur ki, Rusiya həmişə Ermənistan tərəfindən çıxış edir. Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsi prosesində Türkiyənin də iştirakına çalışmalıdır. Azərbaycan 4-lük formatını önə sürməlidir”.

Politoloq hesab edir ki, bu danışıqlarda Ermənistana çox da güvənmək olmaz.  Ermənistanın danışıqların ən son məqamında prosesdən yayınması təcrübəsi var.

“10 Noyabr razılaşmasına görə Azərbaycan Laçın dəhlizinin, Ermənistan isə Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb. Görünən odur ki, Ermənistan müəyyən oyunlarla bu prosesi uzadır. Bunun sonu gəlməlidir və məsələ siyasi-hüquq müstəvidə öz həllini tapmalıdır. Artıq o dəhlizin açılması istiqamətində əməli işlər görülməldir”.

Ermənilərin bu istiqamətdə də müəyyən təxribatlara əl atdığını qeyd edən Ə.Mustafa bu gün Ermənistanda Paşinyanın danışıqlara getməməsi, istefa verməsi ilə bağlı çağırışların olduğunu qeyd edib.

“Hər halda ermənilərin fitnəkar davranışların perspektivi yoxdur. Ermənilər düzgün oynamasa blokada vəziyyətində qalmaqda davam edəcək bu da onun bir dövlət kimi çöküşüdür. Ermənistan mövcudluğunu saxlmaq istəyirsə Azərbaycanla düzgün davranmalıdır”.