Babəkin heykəli MÜƏMMASI

17:28 10.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Nə az nə çox düz 11 il öncə - 2011-ci ildə prezident İlham Əliyev  Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalamışdı. Məlumat üçün bildirək ki, heykəlin müəllifi mərhum xalq rəssamı Arif Qazıyev idi. Abidə Babəkin adını daşıyan prospektdə üzü şəhərə tərəfə ucaldılmalı, ayağının altında budaq formasında postament olmalıydı. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr nəzərdə tutulmuşdu.

Bu 11 il ərzində xalq qəhrəmanının şanına ucaldılmalı olan heykəl məsələsi dəfələrlə gündəmə gətirilib. Ancaq görünür müzakirələr nəticəsizdir. Bəs görəsən heykəlin tarix olmasına səbəb nədir? Onun ucaldılmasına maneə yaradan amillər nələrdir? Ən əsası isə odur ki, heykəlin quraşdırılması hansı qurumun tabeliyindədir?

Hafta.az olaraq məsələ ilə bağlı ilk növbədə Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində xalq qəhrəmanı Babəkin abidəsinin ucaldılması işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən aparılır. Sərəncamda isə Nazirliyin adı keçmir:

“Sərəncamda abidənin ucaldılmasına birbaşa məsul qurum Bakı Şəhər İcra Hakimiyyəti təyin olunmuşdur. Heykəlin Babək prospektinin başlanğıcında ucaldılması planlaşdırılır. Heykəlin maliyyələşdirilməsi məsələsi SOCAR-a həvalə olunmuşdur”.

Nazirliyin ardından sorğu-sualımızı Bakı şəhər İcra Hakimiyyətinə yönəltmək qərarına gəldik. Ancaq təəssüflər olsun ki, buradan da aldığımız cavab qaneedici deyil.

Bakı şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov Babəkin heykəlinin quraşdırılması ilə bağlı məlumatsız olduğunu bildirdi. O həmçinin, suallarımızı Mədəniyyət Nazirliyinə yönəltməyi tövsiyyə etdi.

Hər iki qurum öhdəliyi öz üzərindən atdığına görə biz də naəlac qalıb heykəlin taleyini maliyyə öhdəliyi olan SOCAR-dan soruşduq.

Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov söylədi ki, keçmişdə SOCAR belə layihələrdə iştirakı nəzərdən keçirirdi. İndi isə vəziyyət fərqlidir:

“Ötən il ölkə başçısının sərəncamı ilə şirkət yeni idarəetmə sisteminə keçdi. Hazırda, SOCAR-da maliyyə yüklü qərarlar Müşahidə Şurasının razılaşması əsasında qəbul olunur və daha sonra sosial layihələrin həyata keçirilməsi baş tutur. Buna görə də, Babəkin heykəlinin yenidən maliyələşdirilməsi ilə bağlı Müşahidə Şurası ilə razılaşdırılaraq məsələ nəzərdən keçiriləcək”.

Açıqlamalardan sonra belə bir deyim lap yerinə düşür: “Bu xəmir hələ çox su aparacaq”.  Sərəncam var, heykəlin qoyulması üçün yer də hazırdır. Ancaq nə hikmətdirsə işə məsul şəxslər 10 il keçməsinə baxmayuaraq hələ də öz öhtəliyini öyrənə bilməyib. Ümüd edirik Babəkin heykəli müəmması da Hacı Zeynalabdin Tağıyevin abidəsində olduğu kimi uzun vaxt keçsə belə öz həllini tapmış olar.

Oxunma sayı 81