Bakı Dövlət Sirki “Hünər meydanı”na start verib - Açıqlama

16:06 22.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Uzun müddət idi ki, koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinə görə, qapalı məkanlarda mədəni tədbirlərin keçirilməsində məhdudiyyət var idi. Artıq ötən aydan etibatrən bu məhdudiyyətlər qismən də olsa aradan qaldırıldı.

Məhdudiyyətlərin olduğu dövrlərdə fəaliyyətini səyyar formada davam etdirən Bakı Dövlət Sirkində 8-9 noyabr tarixlərindən etibarən Rusiyanın “Triumf sirki” “Hünər meydanı” adlı geniş proqramla çıxışına start verib. Hal-hazırda da proqram davam etdirilir. Əvvəlcə şəhid və qazi ailələri üçün xeyriyyə məqsədilə sirk tamaşaları təşkil edilirdisə, indi, digər  tamaşaçılar üçün proqramın nümayişi davam etdirilir.

Bu barədə hafta.az-a açıqlamasında sirkin mətbuat xidmətindən Gülşanə Mustafayeva bildirib. O, həmçinin sözügedən proqramın 2022-ci ilin yanvar ayının 10-a qədər edəcəyini də əlavə etdi:

“Dekabr ayı boyunca və yeni il ərəfəsi həmin tamaşa göstəriləcək. Yeni illə bağlı əlavə proqramın gəlib-gəlməyəcəyi haqqında hələlik heç bir məlumat yoxdur”.

Xarici qastrol səfərlərinə gəldikdə isə G.Mustafayevanın sözlərinə görə,  dəstək olduğu halda qastrolların baş tutması istisna deyil:

“Hazırda Bakı Dövlət Sirkinin özünün milli truppası var. Truppanın yaranması sirkdə nümayiş olunan ilk proqramın 75 illik yubileyi münasibətilə iyun ayının 2-si tarixində həyata keçirildi. Kollektivin bütün üzvləri azərbaycanlılardan təşkil edilib. Truppa, Sirkin 75 illiyi münasibətilə Zabitlər Bağında səyyar formada nömrələrlə çıxış edir. Sirkə dəstək olarsa həmin truppanın qastrol səfərləri təşkil olunar. Qeyd etmək istərdim ki, Allahverdi İsrafilovun rəhbərlik etdiyi “Triumf sirki” şou-proqramların hazırlanmasında böyük təcrübəyə malik bir qrupdur. Sirk fəaliyyət göstərdiyi dövrdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub. Bakıda səfərdə olan sirk bu dəfə proqramı daha əlvan etmək üçün müasir texnologiyalara müraciət edir”.

Müsahibimiz Bakı Dövlət Sirkinin il ərzində gördüyü işlərdən də söz açdı:

“İndi, sirkin Milli Truppası öz üzərində işləyib, nömrələrini hazırlayır. Əsas güc isə nümayiş edilən nömrələrə yönəldilib. İl ərzində sirk bir çox işlər görüb. Milli Truppasını yaradıb, səyyar formada çıxışlar həyata keçirdi, 16 nəfərdən ibarət orkestr yenidən formalaşdırıldı, Zəfər Gününə həsr olunan "Dəmir yumruq" kompozisiyası hazırlandı və s. Pandemiya ilə bağlı yaranmış fasiləyə baxmayaraq izləyicilərin sirkə marağı olduqca böyükdür”.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması və s. daxil edilmişdi.

Oxunma sayı 199