Azərbaycanda orta aylıq əməkhaqqı 11 faiz artıb. Belə ki, Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 923 manata çatıb. Statistikaya əsasən, bu dövrdə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 706,6 min nəfər olub, onlardan 887,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi təhsil, 12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4 faizi tikinti, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bakıda çalışanların orta aylıq maaşı isə 1200 manata yaxınlaşır. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb. Paytaxtda orta aylıq nominal əməkhaqqı 1179,8 manat təşkil edib.
Qeyd edək ki, bu gün ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərdən artıqdır. Bu isə o deməkdir ki, iqtisadi fəal insanların təxminən 30 faizə yaxını muzdlu işçidir. İnkişaf etmiş ölkələrin çoxunda bu göstərici 70 faiz civarındadır. Yəni, Azərbaycanın əmək bazarında ən çox diqqət çəkən göstəricilərdən biri muzdlu işçi sayının azlığıdır. Buna təsir göstərən amillər həm ölkədə qanunsuz məşğulluq payının çox olması, həm də iş yerlərinin say azlığıdır. Eyni zamanda ölkədəki iş yerlərinin böyük əksəriyyəti paytaxt Bakıda yerləşir. Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki 1 milyon 734 min nəfər muzdlu işçinin 898 min nəfəri, yəni 52 faizi Bakıda çalışır. Yerdə qalan 836 min nəfər ölkənin bütün digər rayon və şəhərlərinin payına düşür. Regionlardakı muzdlu işçilərin böyük bölümü dövlət qurumunda çalışanlardır. Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin təxminən 60 faizi Bakıda çalışır.
İqtisadi fəaliyyət növləri üzrə Azərbaycanda ən yüksək əməkhaqqı ötən ildə də mədənçıxarma sektorunda qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq maaşları 3 min 300 manata yaxındır. Özəl sektorda çalışanlar üçün bu rəqəm daha yüksək – 4 min manat civarındadır. Mədənçıxarma sektorundan sonra ölkədə ən yüksək orta aylıq əməkhaqqı maliyyə və sığorta sektorundadır. Bu sahədə çalışanların orta aylıq əmək haqları bu ilin əvvəlinə 2 min 70 manat olub. Adıçəkilən sektorda çalışanlar da muzdlu işçilərin çox kiçik bir bölümüdür. Ötən ilin sonuna ölkədə həmin sahədə çalışanların toplam sayı cəmi 35 min nəfər olub. Orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycanda üçüncü yeri peşə, elmi və texniki fəaliyyət istiqaməti üzrə çalışanlar tutur. Onların orta aylıq maaşı 1 min 417 manatdır. Bu fəaliyyət istiqaməti üzrə çalışanlara hüquqşünas və mühasiblər, mərkəzi ofislərin idarəetməsində çalışanlar, memarlar, elmi tədqiqatçılar, eləcə də reklam sahəsində çalışanlar və baytarlar daxildir. İnformasiya və rabitə sahəsində çalışanlar da ölkədə ən yüksək orta aylıq əməkhaqqı alanlar sırasındadır. Onların orta aylıq maaşı 1 min 348 manatdır. Özəlliklə proqramlaşdırma yönündə fəaliyyət göstərənlərin maaşı yüksəkliyi ilə seçilir. Həmin sahədə çalışanların orta aylıq gəlirləri 1 min 759 manatdır.
Ötən ilin yekunlarına görə, ölkədə ən aşağı əməkhaqqı alan işçilər inzibati və yardımçı xidmətlərdə çalışanlardır. Bu istiqamətdə çalışanların sayı 87 min nəfər, orta aylıq maaşları 489 manatdır. Orta aylıq əməkhaqqının ən aşağı olduğu ikinci fəaliyyət istiqaməti kənd təsərrüfatıdır. Bu istiqamətdə muzdla çalışan işçilərin orta maaşı cəmi 515 manatdır. Ölkədə orta aylıq əməkhaqqının ən aşağı olduğu üçüncü fəaliyyət istiqaməti ticarət sektorudur. Bu sahədə çalışan maaşlı işçilərin orta aylıq gəliri 575 manatdır.
Bəs görəsən, Azərbaycanda orta aylıq əməkhhaqı necə hesablanır? Paytaxtla rayonlar arasında orta aylıq əməkhaqqı fərqi nə qədərdir? Azərbaycanda orta aylıq əməkhaqqının ən aşağı olduğu bölgələr hansılardır və buna səbəb nədir?
Qeyd edək ki, son statistik məlumatlara görə ən yüksək orta aylıq əməkhaqqı ənənəvi olaraq yenə də paytaxt Bakıdadır. Maaşların məbləğinə görə, sonrakı yerləri Sumqayıt şəhəri, Daşkəsən, Şuşa və Gədəbəy rayonları tutur. Sözügedən rayonlarda əmək haqqının yüksək olması aparılan böyük tikinti işləri və faydalı qazıntı yataqlarında çalışanların əmək haqqının yüksək olması ilə bağlıdır.Ümumiyyətlə ölkədə 5 rayon və şəhərdə orta maaş 800 manatdan artıqdır. 4 rayonda maaşlar 700-800 manat arasındadır, 27 şəhər/rayonda isə əmək haqqının məbləği 600-700 manat arasında dəyişir.36 rayon va şəhərdə maaşlar 500-600 manat arasındadır. Ölkədə ən aşağğı əmək haqqı Qaxdadır – 495 manat. Balakəndə maaş 510 manat, Zaqatalada isə 523 manat təşkil edir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov bizimlə söhbətində bildirib ki, orta aylıq əməkhaqqı ilə bağlı rəqəmlər nisbi xarakter daşıyır: “Məsələ bundadır ki, bizdə orta aylıq nominal əməkhaqqı göstəricisi bir sıra baxımlardan nisbi xarakter daşıyır. Orta aylıq əməkhaqqı ən aşağı əməkhaqqı həcmi ilə ən yuxarı əməkhaqqı arasında alınan bir ortaq göstəricidir. Amma bu göstərici bütün sahələrdə eyni deyil. İqtisadiyyatın sektorları üzrə ciddi fərqlilik mövcuddur. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində sözügedən göstərici daha yüksəkdir. İkincisi, minimum əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi ilə müqayisədə xeyli aşağı səviyyədədir. Bu isə o deməkdir ki, ölkədə yuxarı əməkhaqqı ilə aşağı əməkhaqqı arasında distansiya böyükdür. Qeyd olunan fakt ölkə iqtisadiyyatının birtərəfli inkişafı ilə izah oluna bilər. Bunu aradan qaldırmaq üçün isə ilk növbədə minimum əməkhaqqı orta aylıq əməkhaqqı səviyyəsinin heç olmasa 50-55 faizni təşkil etməlidir. Hazırda Azərbaycanda minimum əməkhhaqı 345 manat, orta aylıq nominal əməkhaqqı isə 923 manatdır. Yəni, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasında ciddi distansiya var. Xatırladım ki, 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən götürdüyümüz öhdəliyə əsasən, bu rəqəm 60 faizdir”.
Ekspert vurğulayıb ki, ölkə üzrə orta aylıq nominal əməkhaqqı göstəricisinin formalaşmasında iqtisadiyyatın özəl sektorunda çalışanların maaşlarının nə dərəcədə rol oynadığı ciddi araşdırma tələb edir: “Bu baxımdan hesab edirəm ki, bu göstərici ilk növbədə iqtisadiyyatın bütün sektorları üzrə təqribən eyni dərəcədə artmalıdır. Eyni zamanda, ölkədə minimum əməkhaqqı ilə ən yüksək əməkhaqqı arasında məsafə azalmalı və minimal maaş orta aylıq əməkhaqqı göstəricisinin ən azı 50 faizini təşkil etməlidir. Və özəl sektorda əməyin tətbiqi stimullaşdırılmalıdır”.