Bakı – “İlin şəhəri”

16:46 05.06.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, innovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, son dörd ilin hesabatlarında ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan cari ildə ən yüksək nəticəyə nail olub. Belə ki, ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ekosistemin illik artım tempi 24 faiz təşkil edib ki, bu da Mərkəzi Asiya regionunda ilk dördlükdə olan ölkələr arasında ən yüksək göstəricidir. Azərbaycanın əldə etdiyi digər uğurlu göstərici Bakının reytinqdə “İlin şəhəri” olaraq seçilməsidir. Paytaxt şəhər, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, Bakı tədbirlər (31), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və “SaaS” xidmətləri kateqoriyalarında da ilk qlobal yüzlükdə yer alıb.

Hesabatda startap ekosisteminin ümumi icmalı da verilib. Bu xüsusda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) aparıcı dövlət qurumu olaraq yerli ekosistemin inkişafı, innovasiyaların təşviqi və rəqəmsallaşma istiqamətində həyata keçirdiyi fəaliyyət vurğulanıb. Son illərdə ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi və beynəlxalq tərəfdaşlıqların formalaşmasında İRİA-nın müstəsna rolu qeyd edilib. Bununla yanaşı, İRİA-nın təşəbbüsü ilə keçirilən “IDDA Awards”, həmçinin Agentliyin tərəfdaşı olduğu “Baku ID” və“INMerge Innovation Summit” kimi tədbirlərin əhəmiyyəti və ekosistemə verdiyi töhfələr hesabatda öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan “StartupBlink” qlobal reytinqində 2021-ci ildə 89, 2022-ci ildə 85, 2023-cü ildə 84, 2024-cü ildə isə 80-ci mövqedə olub. Bu il ümumilikdə 118 ölkənin və 1473 şəhərin innovasiya göstəriciləri dəyərləndirilib. Reytinqin ilk beşliyində ABŞ, Birləşmiş Krallıq, İsrail, Sinqapur və Kanada yer alıb.

Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, ölkəmiz dünya startap reytinqində 6 pillə irəliləyib: “Reytinqə əsasən, startap ekosistemin inkişafı sahəsində Azərbaycan 6 pillə irəliləyərək 100 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 47 pillə irəliləyib. Bakı şəhəri həm də Mərkəzi Asiyada ən yüksək artım tempi göstərib - e- commerce, edtech sahələrdə startapların inkişafına görə öndədir. Keçən il əvvəlki illə müqayisədə Azərbaycan cəmi 4 pillə irəliləmişdi. Reytinqi tərtib edənlər sektorda ötən ildə 24.5 faiz dinamika olduğunu qeyd ediblər”.

Mütəxəssis xatırladıb ki, 2021-ci ildə ölkəmiz bu reytinqdə 19 pillə geriləmişdi: “Azərbaycanda son 6 ildə dinamikası belə olub: 2020-ci il - 70-ci yer, 2021-ci il - 19 pillə geriləyib, 89-cu yer, 2022-ci il - 4 pillə irəliləyib, 85 -ci yer, 2023-cü il - 1 pillə irəliləyib , 84-cü yer

2024 -cü il - 4 pillə irəliləyib, 80-ci yer, 2025-ci ildə 6 pillə irərliləyərək  74-cü yerdə qərarlaşıb”.

Ekspert vurğulayıb ki, uzun illər “StartupBlink” qurumu ilə Azərbaycan tərəfdən ASAN partnyorluq edib: “Lakin bu il açıqlanan məlumatdan görünür ki, artıq StratupBlink şirkətinin Azərbaycan üzrə partnyoru RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Yəni bu o deməkdir ki, ölkə üzrə ekosistem məlumatlarını bu şirkətə İRİA təqdim edəcək. Güman ki, bu il məlumatlar birgə təqdim edilib. Şübhəsiz ki, ötən il sektora cavabdeh olan İRİA, KOBİA və ASAN tərəfindən müəyyən addımlar atılıb. Xüsusən də, İRİA tərəfindən bəzi əhəmiyyətli addımlar daha çox gözə çarpıb. Bakıda Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb, bəzi bölgələrdə də bu istiqamətdə addımlar atılır. Qanunvericiliklə bağlı, xüsusən də İRİA üçün ekosistemin inkişafına yönəlik maliyyə vəsaitlərindən istifadə ilə bağlı Qaydalar Prezident tərəfindən təsdiqlənib. SABAH.HUB-ın aktivliyi də diqqət cəlb edib. Startap şəhadətnaməsi alan subyektlərin sayı da xeyli artıb. Amma görünən odur ki, ciddi problemlər qalmaqdadır. Xüsusən də investisiya əlçatanlığı, ilkin inkişaf dövrü keçirən startaplara dəstək, vençur qanunvericiliyin qəbul edilməməsi, universitetlərdə startap və innovasiyaların inkişafına dəstək və s. istiqamətlərdə problemlər var.

Düşünürəm ki daha böyük resurslara sahib olan, ekosistemin əsas cavabdeh qurumu olan İRİA əvvəllər olduğu kimi bəsit tədbirlərə və səmərəsiz xarici səfərlərə deyil, real və fayda verən işlərə fokuslanmalıdır.

“StartupBlink” şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən kəmiyyət, keyfiyyət və biznes mühiti indeksləri əsasında formalaşır. Beləliklə, Azərbaycanın reytinqdə 6 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz”.