Bakıda “FantazEU” adlı mədəni irs festivalına start verilir

16:45 22.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi mart ayının 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı təşkil edəcək.

Hafta.az-ın yazdığına görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin bu keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, “FantazEU" Festivalı Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.

"FantazEU" Festivalı Aİ-yə üzv dövlətlərin tərəfdaşlığı ilə, Almaniya, Belçika, Bolqarıstan, Çexiya,  Fransa, İsveçin, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və Yunanıstan fəal iştirakı ilə təşkil olunacaq.

“Mədəniyyət bizə inam və qarşılıqlı anlaşma yaratmağa kömək edir. Mədəni müxtəliflik həm də innovasiya və yeni düşüncə tərzini inkişaf etdirir. Məhz mədəni müxtəliflik sayəsində Avropa əsrlər boyu dəyişən dünyaya uyğunlaşa bilmişdir. Təsadüfi deyil ki, Avropa İttifaqı və ona üzv dövlətlər mədəni müxtəlifliyi dəstəkləmək və qorumaq öhdəliyinə sadiqdirlər. "FantazEU" Festivalı Azərbaycan vətəndaşlarına yaradıcılıq və mədəni müxtəliflik nümayiş etdirmək üçün mühüm çıxış olacaq. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha da inkişafına töhfə verəcək”, - deyə Aİ-nin səfiri Peter Mixalko bildirib.

FantazEU Festivalının tam proqramı ilə Aİ-nin ölkəmizdəki Nümayəndəliyinin internet səhifəsindən (eeas.europa.eu/delegations/azerbaijan_en) tanış olmaq olar. Festival çərçivəsində, bir sıra qapalı və açıq havada foto sərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.

Festival Bakının müxtəlif mədəni və təhsil məkanlarında, o cümlədən Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, “Nizami” kinoteatrı, Bakı Kitab Mərkəzi, Art Tower Qalereyası, “The Landmark” mehmanxanası və Biznes Mərkəzində baş tutacaq.

“Arts Council of Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında Festivala təşkilati dəstək göstərir. 

Qeyd edək ki, "FantazEU" Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən Fantazia Mədəni İrs Festivalının davamıdır. Festival öz adını 19-cu əsrin sonlarında Bakıda tikilmiş və Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından alıb.