Uzun illərdir ölkəmizdə nəqliyyat vasitələrinin sıxlığı, yollarda tıxac, ictimai nəqliyyatın çatışmayan tərəfləri və s. bu kimi məsələlər öz həllini tapa bilməyən xroniki problemə çevrilib.
Ötən günlərdə deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı bu məsələyə toxunmuşdu. O bildirmişdi ki, insanlar hər gün 2-4 saat tıxacda qalırlar: “Əvvəllər pik saatlar olurdu, indi pik saat anlayışı da yoxdur. İstənilən an tıxacda qalırsan”.
Daha sonra deputat məsuliyyət daşıyan qurumlardan bu problemin bu il necə həll olunacağı ilə bağlı izahat verməsini tələb etmişdi.
Bəs görəsən, Bakının bitməyən tıxac probleminə səbəb nədir? Problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Qaçqın və məcburi köçkünlərin öz rayonlarına qayıtmasından sonra, Bakının əhali yükünün, həmçinin avtomobil yükünün azalması çıxış yolu ola bilərmi? Hansı alternativ nəqliyyat vasitələrinə zərurət var?
Məsələ ilə bağlı hafta.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, paytaxtda tıxac probleminin həll edilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir:
“Tıxac böyük meqapolislərin hamısının gündəlik problemidir. Sadəcə olaraq onun müxtəlif həlli yolları var. Bizim cəmiyyətimizdə isə bununla bağlı yanlış təəssüratlar formalaşıb. Təməl prinsip mobilliyin təmin olunmasıdır. Yəni hər bir şəhər insanların “A” nöqtəsindən “B” nöqtəsinə çata bilməsi üçün çeşidli ictimai nəqliyyat verməlidir. Bu zaman avtobuslar üçün ayrılmış zolaq olmalı, onların şəbəkəsi genişlənməlidir. Həmçinin avtobus zolaqlarına kənar avtomobillərin daxil olmasının qarşısını almağa sərt nəzarət edilməlidir”.
Ekspertin fikrincə, sıxlığın qarşısını almaq üçün həm də ictimai nəqliyyat çeşidli və şaxələndirilmiş olmalıdır:
“Bura elektrik qatarları, tramvay xətləri, metro şəbəkəsi daxildir. Həmçinin bu nəqliyyat növləri arasında inteqrasiya da təmin edilməlidir. Misal üçün, 90 dəqiqə müddətində birindən digərinə keçid pulsuz olmalıdır. Bilet paketləri də gündəlik, həftəlik, aylıq, 6 aylıq və 1 illik olmaqla dəyişməlidir. Qiymətlər, həmçinin paketlərin müddəti artdıqca bahalaşsa da, daha uzunmüddətli bilet paketi əldə etdikdə gündəlik gedişhaqqı nisbətən ucuz götürülməlidir”.
Tıxacların qarşısını almaq üçün həm də şəhərə parkinq siyasəti lazımdır. Bu da özündə zonalar üzrə fərqli park qiymətlərinin olmasını ehtiva edir, müsahibimiz bildirir.
“Tutalım, şəhərin mərkəzi daha baha, kənarlara doğru isə ucuz olmalıdır. Bu da insanların prioritetinə təsir edir. Əgər şəxs üçün şəhərə giriş vacib deyilsə və artıq xərcə səbəb olacaqsa, o, səfərini ictimai nəqliyyatla edəcək. İndiki halda bizdə bu, havayı bir amildir. 2016-cı ildən Bakı Nəqliyyat Agentliyi zonalar üzrə parkinqin qiymətinin müəyyən olunması üçün müraciət etsə də, Nazirlər Kabineti bunu təsdiq etməyib. Bu da problemin bloklanmasına səbəb olub. Digər məsələ isə “Park et və səyahətinə davam et” prinsipi ilə bağlıdır. Bu zaman şəhərin müxtəlif giriş nöqtələrində xüsusi parkinqlər qurulur və avtomobil sahibləri maşınlarını park edir, şəhərə ictimai nəqliyyatla daxil olur”.
Mütəxəssis onu da vurğulayır ki, ictimai nəqliyyatın keyfiyyətini artırmadan və rahatlığı təmin etmədən tıxac probleminin həllindən danışırıqsa, bu, sadəcə vaxt itkisidir:
“Sadalanan amillərin hər birinə nəzər salsaq görərik ki, proses kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Biz ictimai nəqliyyatın keyfiyyətini artırmadan və rahatlığı təmin etmədən tıxac probleminin həlli yollarından danışırıqsa, bu, sadəcə vaxt itkisidir. Bəhanə gətiririk ki, ölkəmizdə, xüsusən də paytaxtda qaçqın və məcburi köçkünlər var, şəhərdə sıxlıq bununla bağlıdır. Bəs onda başqa ölkələrin iri şəhərlərindəki tıxaclara səbəb olan nədir? Aydındır ki, iş yerləri və s. məsələlərlə bağlı Bakıya daha çox insan gəlir. Onların rahat hərəkətini isə keyfiyyətli ictimai nəqliyyat təmin etməlidir. 2004-cü ilə qədər tramvay, trolleybuslar, elektrik qatarı şəbəkəsi var idi, bunlar ləğv olundu. 2015-də bərpa edilsə də, şəbəkənin genişləndirilməsi işləri ləng gedir. Mərdəkan, Maştağa-Bağlar, Zirə və Hövsan istiqamətində xətlərin bərpasına ehtiyac var. Bu gün insanların tələbinə uyğun təklif yoxdur.Təklifi formalaşdıran “manatlıq taksilər” dediyimiz şəxsi minik avtomobilləridir. Digər dövlətlərdə “carsharing” xidməti var. Bu zaman siz özünüzə maşın almaq məcburiyyətində qalmırsınız. Hər gün eyni istiqamət üzrə gələn adam hər dəfə eyni insanları yığıb, pulu bölüşüb gəlir. Şəhərin daxilində ayrılmış avtobus zolaqlarından başqa velosiped xətləri də olmalıdır. Hansı ki, bu yoldan həm velosiped, həm moped, həm də skuter sürənlər istifadə edə bilərlər. Bu da müəyyən qrup insanın həmin minik vasitələrinə yönəlməsinə şərait yaradacaq”.
R.Ağamirzəyevin sözlərinə görə, tıxacdan danışanda həm də küçələrin infrastrukturuna diqqət yetirilməlidir. Küçələr insanlar üçün qurulmalıdır, maşınlar üçün yox:
“Şəhər insanların aktiv hərəkətdə olduğu məkandır. Şəhərkənarı magistral ola bilər. Ancaq daxildə sürət həddi azaldılmalı, hərəkət piyadalar üçün daha rahat təmin edilməlidir. Bu gün paytaxta nəzər salsaq görərik ki, insanlar şəhər kənarında yaşayır, mərkəzdə isə işləyirlər. Buna görə sırf mərkəz hissələrdə deyil, kənar ərazilərdə iş yerlərinin açılmasına ehtiyac var. Həmçinin iş vaxtlarının dəyişdirilməsi də öz faydasını verə bilər. Çox uzağa getməyək, 2004-cü ildə təmirə ehtiyacı olan köhnə trolleybus, tramvay, elektrik qatarları və avtobusların işlədiyi vaxtla indiyə nəzər salaq. Bir də pandemiya dövründə ölkəyə gətirilən maşınların sayına fikir verək. Pandemiya dövründə 270 gün metro bağlı qaldı. Bütün yük avtobusların üzərinə düşdü. Bütün proseslər bir-birinə bağlıdır. Avtomobil sayı kütləvi şəkildə artırsa, tikilən infrastukturun ötürücülük qabiliyyəti həmin andan etibarən aşağı düşür.
Varlı şəhər o şəhər deyil ki, orada varlılar şəxsi avtomobili ilə hərəkət edir. Varlı şəhər o yerdir ki, orada varlılar da ictimai nəqliyyatdan istifadə edir. Bir şəhərin problemini başqa biri ilə müqayisə edəndə gərək şəhərlərin tarix boyu keçdiyi yola da nəzər salınsın. Hazırda tıxac problemi, ictimai nəqliyyat məsələsi baxımından paytaxtımızla Moskvanı, Tiflisi, Kiyevi müqayisə etmək yaxşı olardı. Fikrimcə, bizdə yeni velosiped icad etməyə gərək yoxdur. Çeşidli, keyfiyyətli ictimai nəqliyyat qurmaqla tıxacı aradan qaldırmaq olar. Sadalanan məsələlər investisiya tələb edir. Bu baxımdan dünyada, həmçinin Türkiyədə “Build-operate-transfer” modeli var. Bu model sayəsində özəl sahibkar pul yatırır, müəyyən müddət ərzində istifadə edir və qoyduğu pulu çıxarır. Dövlət də öz büdcəsindən 1 qəpik belə istifadə etmədən problemi aradan qaldırmış olur”.
Yeri gəlmişkən, Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində 2021-ci ildəgördüyü işlərlə bağlı hesabat yayıb. Agentlikdən hafta.az-a verilən məlumata görə, ötən il dövlət başçısının tapşırıqlarına uyğun olaraq 2021-ci ildə Bakı şəhərində yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm layihələr icra edilib.
"Görülən işlər sayəsində hərəkət iştirakçılarının təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb. Nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin edilib. Ümumilikdə isə son 6-ildə 70-ə yaxın küçə və prospektdə səkilər standartlara uyğunlaşdırılıb, əlçatanlıq səviyyəsi yüksəldilib və piyadaların rahat hərəkəti təmin edilib.
2021-ci ilin hesabatına əsasən piyadaların rahat və maneəsiz hərəkətinin təmin edilməsi xüsusilə diqqətdə saxlanılıb. İl ərzində paytaxtın 27 küçə və prospekintdə 120-ə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib. 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat svetoforu quraşdırılıb. Nizamlanan piyada keçidlərində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə 58 məntəqədə mövcud svetoforlara piyada seksiyası quraşdırılıb. 10 məntəqədə svetofor səs siqnalı ilə təchiz edilib.
4 küçə və prospektdə səkilər “ideal səki” tələbinə uyğunlaşdırılıb. 123 məntəqədə piyada yol göstəricisi nişanı quraşdırılıb.
19 taksi duracaq məntəqəsi təşkil edilib. İl ərzində Bilgəh qəsəbəsində əsasən istirahət mərkəzlərini əhatə edən 2 km-lik velosiped yolu təşkil edilib. Şəhər mərkəzində isə 7.5 km uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb. Pilot layihə olan bu yolun artıq ilk 2 km-ə qədər hissəsinə asfalt örtük vurulub,"- deyə hesabatda bildirilib.