Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, 14.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
14.10.2020-ci il tarixdə saat 10 radələrində Tərtər rayonu ərazisində kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.