Dürdanə Əliyevanın barəsində cinayət işi Universitetin rektorunun müraciətinə görə yox, vətəndaşların çoxsaylı şikayətlərinə görə başlanıb.
Bu barədə hafta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılmışdır.
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, Universitetin rektorunun Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılmışdır.
Təəssüflə bildiririk ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır.
Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.