Bakı-Abşeron yarımadasında qeyri-sabit keçən hava şəraiti zərərsiz ötüşmədi. Belə ki, dünən Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş verdi. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Ötən gün günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib.

Bu gün Baş Nazir Əli Əsədov Bibiheybətdə sürüşmə olan əraziyə gəlib, Baş nazir və hökumət üzvləri əraziyə baxış keçiriblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Fövqəladə Hallar nazirinin birinci müavini Rafael Mirzəyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və digər şəxslər də hadisə yerində olublar.
Hafta.az-ın əməkdaşı da həmin sürüşmə baş verən ərazidə olub. Hazırda yolun sürüşən hissəsində işlər başlayıb.

Bibiheybət məscidindən şəhər istiqamətində marşrut xəttində problem yaşanmır. Sürücülərin alternativ yoldan istifadə etmələri üçün nişanlar qoyulub.

Ərazidə işləyənlərə yaxınlaşsaq da, hələ ki, tam işçi qüvvəsinin cəlb olunmadığı üçün işin necə və ya hansı sürətlə aparılacağı barədə məlumatları olmadıqlarını bildirdilər. Ərazidə dayanan polislər də hərəkətin hər iki istiqamətdə hərəkətin dayanmaması üçün nəzarəti gücləndiriblər.

Xatırladaq ki, bu gün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürüşmə ilə əlaqədar Bakı-Salyan yolunun Bibiheybət qəsəbəsi yaxınlığından keçən hissəsində baş verən sürüşmə ilə əlaqədar yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub.
Onun sözlərinə görə, sürüşmə ilə əlaqədar şəhərə daxil olan yük maşınları Bakı Kənar Dairəvi Yol ilə şəhər mərkəzinə istiqamətləndiriləcəklər: "Ərazidə yaşayan sakinlərin və neft şirkəti işçilərinin gediş-gəlişi üçün nəqliyyatın hərəkəti tənzimlənəcək. Onlar Bayıl qəsəbəsi və ya 20-ci Sahədən keçməklə hərəkət edə biləcəklər".
