Bakı Konqress Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib.
Əsas məqsədi "Universitet – Məzun" münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsi olan Məzun Forumunda universiteti müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə maraqlı çıxışlar və müzakirələr aparılıb.
"Qloballaşan dünyada universitetlərin rolu: yeni çağırışlar və gözləntilər" adlı iclasda ilk çıxış edən BDU-nun rektoru Elçin Babayev BDU məzunlarına Forumda iştirakları, çıxışları və maraqlı təklifləri üçün təşəkkür edib. O bildirib ki, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır: "Bakı Dövlət Universiteti 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunub: "BDU-nu indiyədək 180 minə yaxın məzun bitirib. Çox istərdik ki, buradakı çıxışlar formal xarakter daşımasın. Məzunların bir araya toplaşması şansından istifadə etməliyik. Onlar ali məktəbin inkişafına yardımçı olmalıdırlar".
Daha sonra çıxış edən ADA-nın rektoru Hafiz Paşayev BDU-da təhsil aldığı dövrü xatırlayıb: "Sənəd seçimi etdikdə qocaman müəllimlərdən birindən soruşdum ki, hansı ixtisası seçim. Mənə texniki elmlə məşğul olmağı məsləhət bildi. Bu baxımdan mən fizika sahəsini seçdim. Çox təəssüf ki, o maştabda müəllimlərimiz indi çox deyil. Lakib hazırda da ali məktəb və ya orta məktəblərdə müəllim yüksəkliyi saxlanmalıdır, müəllimə hörmət çox olmalıdır".
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri, Tarix fakültəsinin 1977-ci il məzunu Hicran Hüseynova çıxış edərək qeyd edib ki, yaşadığımız dövrə uyğun olaraq yeni peşələr ortaya çıxır: "Bu baxımdan yeni peşələrə uyğun olaraq fakültələrin açılması mühümdür. Texniki fakültələrdə qızların sayı gündən günə artır. Bu gündəlikdə olan məsələlərdir. Zaman dəyişir. Bu baxım çağırışlara hazır olmaq lazımdır. Mən inanıram ki, bundan sonra da BDU-nun adı şərəflə səslənəcək. Biz sizə dəstək verməyə hazırıq".
BP-nin Azərbaycan–Gürcüstan–Türkiyə üzrə vitse-prezidenti, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin 1999-cu il məzunu Bəxtiyar Aslanbəyli 17 yaşından ibarət ali məktəblə mütəmadi əlaqələrinin olduğunu dilə gətirib: "Ali təhsilimi başa vurduqdan sonra müəllimlərimlə bərabər pedoqoji fəaliyyət göstərmək nəsibinə malik olmuşam. Bu çox sevindiricidir. Müəllimlərimizin üzərimizdə əməyi danılmazdır".
İclasda çıxış edən Təhsil nazirin müavini Məhəbbət Vəliyeva söyləyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ali təhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb: "Sevindirici haldır ki, bir əsrlik yaşı olan BDU bu gün özünün müasir dövrünü yaşayır, dünya təhsil sisteminə uğurla inteqrasiya edir. Bu gün BDU-da çalışan professor müəllim heyətinin çoxu bu təhsil müəssisəsinin məzunudur. Eyni zamanda, digər ali məktəblərdəki professor-müəllim heyətinin sıralarında BDU -nun məzunları üstün saya malikdirlər. Əminəm ki, BDU məzunları bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklər".
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, hər il qəbul imtahanlarında yüksək bal toplayanlar arasında ən çox seçilən ali məktəblərin arasında BDU da var: "BDU-nun bütün məzunlarının ürəkdən təbrik edirəm. Mən inanıram ki bu universutet ölkəmizjn inkişafına öz töhfəsini verəcək".
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin 2002-ci il məzunu Leyla Abdullayeva vurğulayıb ki, əgər bu gün mən XİN-in rəsmisi kimi çıxışı edirəmsə, burada BDU-nun müəllimlərinin böyük əməyi var: "BDU-nun diplomatların hazırlanmasında böyük rolu var. Bu məqsədlə BDU-da beynəlxalq münasibətlər fakültəsi yaranmışdı. Bu gün XİN-in aparat rəhbərliyində, eləcə də xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda BDU-nun tələbələri çalışır. Məzunların təşkilatlanması ilə bağlı təkliflərə qoşuluram. BDU-nun məzunları ilə bağlı kitabçanın hazırlanması, məlumat bazasının yaradılması, bizim işimiz daha da asanlaşdıra bilər. Hesab edirəm ki, BDU bundan sonra da öz flaqmanlığını qoruyub saxlayacaq".
Daha sonra çıxış edən natiqlər dünyada universitetlərin yeri və roluna diqqət çəkib, həyatın müxtəlif sahələri kimi təhsil mühitinin də çağırışlarla üzləşdiyini qeyd edərək gələcək inkişafa hesablanmış addımların atılmasının zəruriliyini qeyd ediblər.
Tədbirin sonunda BDU-nun Beynəlxalq Məzun Assosiasiyası təsis edilib. Qeyd edək ki, Forumda iştirak edən 300-dən çox iştirakçı arasında Bakı Dövlət Universitetinin Azərbaycan, Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və dünyanın digər ölkələrindən olan məzunları, müxtəlif təşkilatların və birliklərinin nümayəndələri vardır. BDU-nun forum qarşısında duran əsas vəzifəsi müxtəlif ölkələrdən olan məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində "Beynəlxalq Məzun Assosiasiyası" yaratmaqdan ibarətdir.