Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Meteorologiya Mərkəzinin məlumatına görə, dünən ölkədə may ayında ən yüksək temperatur 51,6 dərəcəyə çatıb ki, bu da rekordların başladığı 2003-cü ildən bəri əmirliklərdə qeydə alınan ən yüksək temperaturdur.
Hafta.az-ın yazdığına görə, “Bu gün ölkədə ən yüksək temperatur yerli vaxtla saat 13:45-də Sueyhanda 51,6 dərəcə səviyyəsində qeydə alınıb”, - Milli Meteorologiya Mərkəzi Twitter-də bildirib.
Meteorologiya Mərkəzi, BƏƏ-də rekordlar başlayandan bəri qeydə alınan ən yüksək temperaturun 2010-cu ildə Əbu-Dabidəki Əl-Yasat adasında 52 dərəcə olduğunu bildirib.
Yayın gəlişindən əvvəl də BƏƏ-də temperatur son illərin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artmağa başlamışdı. Temperaturun 45 dərəcəyə çatdığı Dubayda sürücülər kondisionerlərinin güclü istiləri aradan qaldırmaq üçün kifayət qədər effektiv işləməməsindən şikayətlənərək, hadisənin ilin bu qədər əvvəlində baş verməsindən təəccübləndiklərini bildiriblər.
2023-cü ildə “COP 28” iqlim danışıqlarına ev sahibliyi edən BƏƏ-də aprel ayında rekord orta temperatur 42,6 dərəcə olub.
Greenpeace-in 2022-ci il hesabatına görə, Yaxın Şərq və Şimali Afrika regionunda qlobal orta göstəricidən təxminən iki dəfə istiləşmə müşahidə olunur. Bu, bölgəni iqlim dəyişikliyindən böyük təsirə məruz qoyur və ərzaq və su təhlükəsizliyi risklərini artırır.