Belarusda keçirilən beynəlxalq festivalda Şuşa şəhəri təbliğ olunub

12:04 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun Qrodno şəhərində keçirilən XIII Respublika Milli Mədəniyyətlər Festivalında Azərbaycanın mədəniyyəti təbliğ olunub.

Hafta.az xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və “Azərbaycan İcmaları Konqresi”nin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilən festival çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş stend də nümayiş etdirilib.

Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin qonaq qismində iştirak etdiyi festivalda Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamından irəli gələrək mədəniyyət incimiz olan Şuşa şəhəri geniş kütlə qarşısında təbliğ olunub.

Festivalda Azərbaycan diasporunun nümayəndələri mədəniyyətimizi, milli geyimlərimizi, mətbəximizi yerli sakinlərə təqdim ediblər. Qonaqlar böyük sevinc və maraqla Azərbaycan sərgisini izləyib, milli mətbəximizin təamlarından dadıblar. Yerli sakinlərə Qarabağ, xüsusilə Şuşa, Azərbaycan-Belarus dostluğu, ölkələrimiz arasında iqtisadi-mədəni əlaqələr, bu ölkədə diasporumuzun fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbirdə Azərbaycan diasporunun Belarusda fəaliyyət göstərən “Sarı gəlin” və “Odlar yurdu” ansambllarının çıxışı da böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festivalda 30-a yaxın millətin nümayəndələri öz mədəniyyətlərini və mətbəxlərini təqdim ediblər.

Oxunma sayı 100
Mədəniyyət rubrikasından digər xəbərlər