Bələdiyyədə özbaşınalıq: sədr arvadına yüksək maaş və avtomobil ayırıb

14:00 26.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın maliyyə mərkəzi olan Frankfurt şəhər Bələdiyyəsinin sədri Peter Feldmann, türk soylu xanımı Zübeydə Feldmanna (Zübeydə Təmizəl) görə çətin günlərini yaşayır.

Hafta.az-ın yazdığına görə, haqqında istintaq başlayan Sosial Demokrat Partiyasından olan Feldmannın iş yerində prokurorluq tərəfindən axtarış aparmaq qərarı verilib. 

Məlumata görə, özündən 29 yaş kiçik xanımı Zübeydənin, əri tərəfindən saxta sənədlə Bələdiyyəyə yüksək maaşlı işə düzəldildildiyi, üstəlik Feldmannın işinin öhdəsindən gələ bilmədiyi və toplanan yardımları seçki kampaniyasında xərclədiyi üzə çıxıb. Bu səbəbdən də ittihamlanan 63 yaşlı Feldmann prokurorluğun tələb etdiyi sənədləri qapısına gələn polislərə təqdim edib. Bununla da, Feldmannın bürosunda və Bələdiyyə binasında axtarışlara ehtiyac qalmayıb. 

Bu arada, türk xanımı ilə evlilikdən bir qızı olan Feldmann iki ildir ki, Zübeydədən ayrı yaşayır. 

Feldmann qeyd edib ki, Sosial Demokrat Partiyasından istefa verəcək və bir daha namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, əslən Türkiyənin Ordu vilayətindən olan Zübeydə Təmizəlin, Bələdiyyədə yeni işə başlayarkən 17 illik staja sahib işçilərlə eyni həcmdə maaş aldığı və bunun məhz əri sədr olduğu üçün edildiyi üzə çıxıb. Bu azmış kimi, türk arvadına Bələdiyyənin xidməti avtomobillərindən biri də ayrılıb.

Maraqlıdır ki, xanımı da qarşılığında rəhbərlik etdiyi sosial yardım quruluşu AWO-nun topladığı ianələri Feldmanna dəstək üçün bağışlayıb. Bu da Almaniya cəza qanununda cinayət hesab edilir.