Bəxtiyar Vahabzadəyə həsr olunmuş konfrans

16:49 14.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Fikrin və şeirin zirvəsi: Bəxtiyar Vahabzadə” adlı elmi konfrans keçirilib.

Hafta.az xəbər verir ki, konfransda Bəxtiyar Vahabzadənin ev muzeyinin rəhbəri, MDU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər. Tədbir Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və cari il noyabrın 11-də təyyarə qəzasında həlak olan türkiyəli hərbçilərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı açan MDU-nun rektoru Anar Eminov Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatına və milli düşüncəyə verdiyi töhfələrdən danışıb. Rektor şairin zəngin irsinin gənc nəslə tanıdılmasının əhəmiyyətini vurğulayıb.

Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli çıxış edərək, şairin həyat və yaradıcılığı ilə bağlı şəxsi xatirələrini bölüşüb. O, belə bir konfransın MDU-da keçirilməsini Xalq şairinin yaradıcılığına göstərilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Universitetin elmi-mədəni mühiti, tələbələr arasında klassik irsə marağın təşviqi və milli ədəbiyyatın təbliği baxımından bu cür tədbirlərin MDU-da təşkilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

Sonda “Bəxtiyar misralarında millətimin harayı” adlı esse yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.