Bəzən yanaşmalar olur ki, 1-2 qəpik artımla nə dəyişir ki? - Ekspert

17:35 18.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Gələn ilin büdcə layihəsi ilə bağlı ictimailəşdirilən sənəddən yola çıxmış olsaq, təxminən 10-15 faiz civarında əməkhaqqı fondunun artırılması nəzərdə tutulur. Bu yanaşma ola bilsin ki, ötən gün imzalanan sərəncamdan sonra nisbətən dəyişsin. Yenə də ehtimallarım ondan ibarətdir ki, əməkhaqqı fondunda artımlar 10 faiz ətrafında olacaq”.

Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Ekspert qeyd edib ki, real situasiyanı nəzərə almış olsaq, vəziyyət tamamilə fərqlidir:

“Burada söhbət təqaüdlərdən, müavinətlərdən, pensiyalardan gedir. Yəni bunlar, xüsusilə də əhalinin aztəminatlı sosial qruplarıdır ki, burada artıq diferensiallıqdan söhbət gedir. Əgər biz dəyişənlərin heç birini nəzərə almasaq, yəni, əhalinin vəziyyətinin ümumi  yaxşılaşdırılması, əhalinin zənginlik səviyyəsinin artırılması və s. və biz minimum əməkhaqqından danışırıqsa, bu istiqamətdə 40 faiz artımı nəzərdə tutan qərar qəbul olunmalıdır.

Çünki bu gün gündəlik tələbat malları üzrə qiymətlərin artması, ərzaq məhsulları üzrə qiymətlərin artımı və 2021-ci ildə qəbul edilən qərarlar nəticəsində kommunal xərclərdən yaranmış maliyyə yükünü təxminən qarşılamaq üçün ay ərzində ailə büdcəsinə əlavə olaraq 100 manat vəsait daxil olmalıdır. Yəni, minimum əmək haqqı artımının 40 faizi olması, orta aylıq əmək haqqı səviyyəsində maaş alanlar üzrə məvaciblərin təxminən 15 faiz civarında artırılması tövsiyyə olunandır. Burada əhalinin daha az gəlirli təbəqəsinin gəlirlərinin daha çox artırılması vacib məsələdir. Çünki dəyişənlər əsasən fundamental xərclər üzrədir. Bu ərzaq məhsullarıdır, zəruri tələbat mallarıdır, kommunal xidmətlərdir və s. Hansı ki, bunlardan kasıb da, varlı da istifadə edir. Ona görə də burada əhalinin daha az gəlirli hissəsində artım səviyyəsi yuxarı gəlirli hissəsi ilə müqayisədə daha yüksək faizlərlə əks olunmalıdır.

Hesablamalar aparanda görünür ki, təkcə elektrin enerjisi ilə qazın qiymətinin dəyişməsindən yalnız limitlər çərçivəsində istehlak gücü olan ailələrdə təxminən il ərzində 180 milyon manat civarında əlavə xərc yükü yaranacaq. Bəzən yanaşmalar olur ki, 1-2 qəpik artımla nə dəyişir ki? Bu tamamilə absurd yanaşmadır. Məsələn, limitlər çərçivəsində istehlak gücü olanlar aztəminatlı, zəif sosial qruplardır. Onlar maksimum dərəcədə qənaətlə yaşamağa çalışırlar. Amma bu artımlar onlara əlavə 180 milyon manatlıq yük yaradacaq. Ümumiyyətlə götürdükdə, biznes və vətəndaşı nəzərə almış olsaq, son günlər qəbul olunmuş qərarlar ailə büdcələri üçün 400-450 milyon manat əlavə yük yaradacaq. Bu sosial qruplar da gəlirləri minimum səviyyəsində olanlardır. Minimum pensiya alanlardır,minimum müavinət alanlardır, minimum əmək haqqı alanlardır və s. Məsələn, hökumət 2019-cu ildə sosial genişlənməyə gedəndə bununla bağlı əsaslandırmada qeyd olunmuşdu ki, 400 min nəfər dövlət sektorunda çalışan, 500 min nəfər özəl sektorda çalışan insan bu qərardan yaralanacaq. Bu o demək idi ki, ölkədə 900 min insan minimum əməkhaqqı səviyyəsində məvacib alır. Biz bunu 2 nəfərlik ailə kimi götürmüş olsaq, bu 1 milyon 800 min insan deməkdir. Və böyük sosial qrupların problemlərinin həlli bu gün hökumətin əsas hədəflərində olmalıdır”.

Rəsmi mənbələrdə infilyasiya ilə bağlı açıqlanan rəqəmlərin reallığı əks etditmədiyi qənaətində olan R.Həsənov vurğulayıb ki, ölkədəki mövcud infilyasiya rəsmi mənbələrdə göstərilən rəqəmlərdən dəfələrlə yüksəkdir: “Bu il böyük ehtimalla umumi infilyasiya səviyyəsi təxminən 15 faiz ətrafında olacaq. Düzdür, rəsmi statistika bunu təsdiqləməyəcək. Amma reallıq bundan ibarətdir. Biz bir də sosial qruplar üzrə infilyasiyanı nəzərə ala bilərik. Burda qiymətlərin dəyişmə indeksi təxminən 20-25 faiz arasındadır. Bəzi məhsullar üzrə hətta ilin əvvəli ilə müqayisədə 70 faiz bahalaşma qeydə alınıb. Hökümət isə böyük ehtimalla bu il üzrə infilyasiyanı 5,5-6 faiz civarında göstərəcək”.

Oxunma sayı 161