Biz tamamilə mühasirədəyik - Xankəndidəki separatçılar qaçış yolu axtarır

17:09 13.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Artıq ikinci gündür ki, azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyaları davam edir. Qeyd edək ki, bu aksiyalarda başlıca tələb Azərbaycanın suveren ərazilərindəki qanunsuz mədən fəaliyyətlərinə son qoyulmasıdır.

Baş verən proseslərlə əlaqədar yola müvəqqəti nəzarət edən rus sülhməramlıları tərəfindən Laçın dəhlizi bağlanıb. Qeyd edək ki, bu məsələdə Azərbaycan tərəfi heç bir məsuliyyət daşımır. Əsas günahkar rus hərbçiləri və onların dayaq durduğu, Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəməyən separatçı rejimin qalıqlarıdır.

Ancaq yaranmış vəziyyətlə bağlı separatçılar düşdükləri çıxılmaz vəziyyəti etiraf edir və acınacaqlı durumda olduqlarını açıq şəkildə bildirirlər.

Hafta.az xəbər verir ki, özünü separatçı rejimin "xarici işlər naziri" kimi təqdim edən David Babayan çərşənbə axşamı "mətbuat konfransında" Qarabağdakı ermənilərin təxliyəsi planının olub-olmaması sualına cavab verib.

"Əvvəlcə xəritəyə baxmaq lazımdır. Hazırda biz tamamilə mühasirədəyik. Hətta hava əlaqəsi belə yoxdur, çünki azərbaycanlılar bizim təyyarələrimizi vuracaqlar. Ermənistanla bizi birləşdirən yeganə yol 5 kilometrlik ensiz dəhlizdir. İndi bu yol da bağlıdır.Necə evakuasiya edək? Hara?” deyə David Babayan çıxılmaz vəziyyətdə olduqlarını etiraf edib.