“Bolşoy Teatr” bilet satış sistemini dəyişdi

11:16 04.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvadakı məşhur “Bolşoy Teatr” oktyabrın 1-dən etibarən bilet satışlarında fərdi bilet tətbiqinə başlayıb. Bu yeni təcrübəyə əsasən, teatra daxil olan tamaşaçılar biletdəki şəxsi məlumatlarını və biletə uyğun olaraq şəxsiyyətini təsdiqləyən sənədləri təqdim etməli olacaqlar.

Hafta.az-ın yazdığına görə, biletdəki məlumat şəxsiyyət vəsiqəsindəki məlumatlarla uyğun gəlmirsə, tamaşaçılar şouda iştirak edə bilməyəcəklər. Bu addım “Bolşoy Teatr”ın illərdir üzləşdiyi bilet spekulyasiyası problemini həll etmək üçün atılan addım kimi qiymətləndirilir.

Teatr rəhbərliyi uzun müddətdir ki, biletləri alıb yenidən baha qiymətə satan möhtəkirlərdən şikayətlənir. Xüsusən də teatrın populyarlığı və yüksək tələbat səbəbindən bəzi vasitəçilər biletlərin qiymətini 200 faizə qədər şişirdirlər. Bu vəziyyətə baxmayaraq, qadağan edilmiş saytlar tez bir zamanda yeniləri ilə əvəz olunduğundan problemin qarşısını almaq çətin olub.

Yeni qaydalara uyğun olaraq, tamaşaçılar bilet alarkən öz şəxsi məlumatlarını sistemə daxil edəcək və biletləri yalnız “Böyük Teatr”ın rəsmi saytından əldə edə biləcəklər. Bu təcrübənin biletlərin başqalarına satılmasını və ya əl dəyişdirməsini çətinləşdirəcəyi düşünülür.

2019-cu ildə qəbul edilən qanun biletlərin 10 faizdən çox gəlirlə yenidən satışını qadağan edir. Lakin bu qaydalara baxmayaraq, bazarda spekulyativ təzyiqlər davam edir və biletləri qanunsuz olaraq qat-qat baha qiymətə satılır.

Yeni fərdiləşdirilmiş bilet tətbiqinin bu problemi tamamilə həll edə biləcəyi maraq doğurur.