“Bolt Services AZ” MMC-yə maliyyə sanksiyası tətbiq olunub

15:08 08.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.

Xidmətdən hafta.az-a verilən məlumata görə, “Delivery Azerbaijan” MMC tərəfindən Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məlumata görə, işə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib.

Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.

Oxunma sayı 109