ABŞ-da yerləşən RAND Corporation analitik mərkəzinə görə, ABŞ, Rusiya və Çinin Afrikadakı potensial mübarizəsi güclü iqtisadiyyata, zəngin təbii ehtiyatlara və Cənubi Afrika Respublikası, Sudan, Keniya və Nigeriya kimi strateji mövqelərə malik ölkələrə yönəlib.
Hafta.az-ın yazdığına görə, RAND Korporasiyası tərəfindən dərc edilən "Afrikada Böyük Güc Rəqabəti və Münaqişə" adlı hesabatda ABŞ, Çin və Rusiyanın Afrikadakı güc mübarizəsi yer alıb.
Hesabata əsasən, ABŞ Afrikada sıx iqtisadi donor və hərbi oyunçu olmağa davam edərkən, Çin və Rusiyanın təsiri günü-gündən artır.
Cənubi Afrika Respublikası, Nigeriya, Sudan, Mərakeş, Tanzaniya və Keniya kimi ölkələrin Afrikadakı bu dövlətlərin potensial güc mübarizəsində ön sıralarda olduğuna diqqət çəkən hesabatda ABŞ, Rusiya və Çin üçün Nigeriya və Əlcəzairin neft və təbii qaz ehtiyatlarının, Cənubi Afrika Respublikasının qızıl və platin qaynaqları ilə önə çıxdığı ifadə edilib.
ABŞ, Rusiya və Çin üçün strateji əhəmiyyət kəsb edən Sudan, Qırmızı dəniz və Ədən körfəzi və Keniya Hind okeanı üçün mühüm strateji mövqeyə malik ölkələr sırasındadır.
ABŞ-ın əsas hədəflərindən birinin terrorla mübarizə olduğu bildirilən hesabatda sözügedən ölkənin qeydiyyatsız silahlar, insan alveri və beynəlxalq cinayətlərlə mübarizədə qitə ölkələri ilə əməkdaşlıq etdiyi bildirilib.
Hesabatda Cənubi Afrika Respublikasının ABŞ-ın Afrikadakı ən böyük ticarət tərəfdaşı olduğu, ABŞ-ın isə Nigeriyada birbaşa xarici sərmayəçi kimi birinci yerdə olduğu bildirilib.
Məlumata görə, Çin Afrikada enerji təchizatı, xüsusilə neft şəbəkəsini genişləndirməyi hədəfləyir.
Mozambikdən titan, Konqo Demokratik Respublikasından kobalt və tantal, Namibiyadan uran və Cənubi Afrikadan xrom tədarük edən Çin bu şəbəkəni şaxələndirmək məqsədi daşıyır və ona qarşı çıxa biləcək yerli siyasi qüvvələrə qarşı mübarizə aparır.
Məlumata görə, Afrika ölkələri ilə əlaqələrinə önəm verən Pekin rəhbərliyi qarşıdakı 10 ildə Afrikanın iqtisadi cəhətdən ən aktiv yerlərindən biri olacağını proqnozlaşdırır və bu yüksəlişdən faydalanmağı hədəfləyir.
Digər tərəfdən, Çin BMT-dəki səslərə və özünə yönəlmiş insan haqları pozuntularının tənqidinə qarşı Afrika ölkələrindən də dəstək almağı hədəfləyir.
Rusiyaya gəldikdə, ilk növbədə Afrikadakı geostrateji və iqtisadi maraqlarına uyğun addımlar atır. Rusiyanın Cənubi Atlantika və Hind okeanı marşrutları ilə yaxından maraqlandığına diqqət çəkən hesabatda, Rusiyanın dəniz nəqliyyatında ticarət gəmilərinin keçidinin təhlükəsizliyini təmin etməyi və ABŞ kimi rəqiblərinin dəniz yolunun qarşısını almağı hədəflədiyi bildirilib. Bu məqsədlə Rusiya NATO-nun mühasirəsindən çıxmaq və Qərbli rəqibləri ilə mübarizə aparmaq üçün strateji mövqedə yerləşən Afrika ölkələrinə üz tutur.
Afrikada hakimiyyət mübarizəsində “Vagner” kimi silahlı qruplaşmalardan istifadə edən Rusiya özünü Afrika ölkələrinə “etibarlı təhlükəsizlik tərəfdaşı” kimi sırıyır.
Hesabata görə, ABŞ-Rusiya mümkün rəqabətində birinci yeri Nigeriya, ABŞ-Çin rəqabətində isə Cənubi Afrika Respublikası tutur.
Nigeriya yeraltı sərvətləri, iqtisadi bazar həcmi və regional siyasi təsirinə görə əsas mübarizə meydanlarından biridir. ABŞ-ın Nigeriya ilə ticarət və neft sənayesi əlaqələrini yaxşılaşdırdığı bildirilən hesabatda qeyd olunub ki, Çin və Rusiyanın bu ölkədə təsirinin artması səbəbindən, ABŞ-ın mövqeyi tədricən zəifləməkdədir.
Nigeriya ilə iqtisadi əlaqələrini dərinləşdirən Çinin bu sahədə əldə etdiyi qazancları itirməmək üçün Nigeriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində addımlar atdığını bildirən hesabata görə, sabit Nigeriya ilə əlaqələri olan Çin, bu məqsədlə Qərbi Afrika ölkələrinə də nüfuz etməkdədir.
Məlumata görə, Rusiya Nigeriya ilə münasibətləri “maraqların üst-üstə düşdüyü yerlərdə dostluq, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlıq” çərçivəsində qurur. Bu məqsədlə Rusiya, insan haqlarının pozulması səbəbiylə ABŞ tərəfindən çatdırılması əngəllənən hərbi texnika və döyüş təyyarələrinə alternativ olaraq öz məhsullarını Afrikadakı ən böyük ticarət tərəfdaşı olan Nigeriyaya təklif edir.
Rusiya ilk növbədə təbii sərvətləri təmin etmək, bazarlar axtarmaq, geosiyasi maraqlarını ABŞ-a qarşı qorumaq və Moskvanın Nigeriyadakı iqtisadi maraqlarına uyğun olaraq beynəlxalq təcridini azaltmaq məqsədi daşıyır.