Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymur.
Ermənistanın bu gün Azərbaycanla sərhəddə qoşun yığması, eləcə də Qarabağda qalan qeyri-qanunu erməni silahlı birləşmələrinin sülhməramlıların nəzarətində olan ərazilərdə yeni istehkamlar qurub, hərbi hazırlıqlar keçməsi Azərbaycana qarşı hansı niyyətlərdən xəbər verir? Artıq İrəvanın əsassız müraciəti ilə BMT-də də müzakirələr aparılır.
Politoloq, professor Qabil Hüseynli deyir ki, BMT zəif, hörmətdən düşmüş bir təşkilatdır. Çoxları artıq bu təşkilatın mövcudluğunu istəmir, onun reform edilib yenidən qurulmasını tələb edirlər. Burada təmsil olunan 5 ölkə BMT-də qərarların qəbul edilməsini inhisara alıb və özlərinin siyasi maraqlarını həyata keçirmək üçün bu təşkilatdan sui-istifadə edirlər. Politoloq BMT-də təmsil olunan Fransanın son zamanlar Ermənistanın xeyrinə müxtəlif qərarların qəbul edilməsi üçün çox böyük mübarizə sərf etdiyini önə çəkib:
“Fransa indi də Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin, guya humanitar böhran içərisində olduğunu, Azərbaycanın etnik təmizləmə həyata keçirməyə hazırlaşdığını və bölgəyə göndərilən humanitar yardım karvanlarının qərəzli surətdə dayandırılmasından danışır. Bu ərazilər Azərbaycanın suveren torpaqlarıdırsa, hüquqlarımız bütün dünya üzrə, beynəlxalq təşkilatlar, eləcə də Ermənistan tərəfindən tanınıbsa, burada müzakirə ediləcək heç bir məsələ qalmır. Hər kəs bir daha anlamalıdır ki, Ermənistan tərəfi sərhəddə humanitar yüklərin yığılması ilə bağlı beynəlxalq hüquqa uyğun gələn prosedur qaydalara əməl etmir. Ermənistan xəbərdarlıq etmədən, birdən-birə Laçın buraxılış məntəqəsinin qarşısına 21 yük TIR-ı yığıb, Xankəndinə göndərmək üçün tələblər qoyur. Təbii ki, Azərbaycan tərəfi öz suveren hüquqlarından istifadə edərək buna imkan verməmişdir”.
Politoloq ermənilərin məsələni BMT səviyyəsinə qaldırımaq, yenə də Ermənistanın xeyrinə müxtəlif təbliğat kampaniyası yaratmaq istəklərini növbəti təxribat adlandırıb. Q.Hüseynli hesab edir ki, burada Fransanın rolunun böyük olduğunu, Rusiyanın isə müəyyən “pas ötürmələrini” gözdən qaçırmaq olmaz:
“30 il torpaqlarımızı işğal altında saxlamış, həmin torpaqlarda daşı-daş üstündə qoymamış və bütövlükdə, Azərbaycan xalqına qarşı insani itkilərlə yanaşı, 250 milyard dollardan çox maddi ziyan vurmuş Ermənistanın BMT-də müdafiəsinə qalxmaq, onu müdafiə etmək üçün canfəşanlıq göstərmək bölgədə sülhə çalışmaq deyil. Əksinə, bundan sonra bölgədə daha çox qarşıdurma əhval-ruhiyyəsi yüksələcək, nəticə etibarilə sülhyaratma prosesi dayandırılmaqla bərabər, münasibətlərin isti müharibəyə çevrilmə ehtimalı da çoxalacaqdır. Ümid edirəm, BMT-də ağıllı başlar düzgün qərar verilməsinə çalışacaqlar”.
Hərbi ekspert Şair Ramaldanov ermənilərin Azərbaycanla dövlət sərhədində, Qarabağ iqtisadi zonasında hər gün yeni təxribat ssenarisi hazırladığını bildirib. O, Qırmızı Xaç Komitəsinin xətti ilə humanitar yardımın Xankəndiyə aparlması bəhanəsi ilə ermənilərin Laçın yolunda qurduqları TIR şousunun bu gün beynəlxalq informasiya sistemində dünya ictimaiyyətinə çatdırılmasını növbəti təhlükəli oyun adlandırıb. Bildirib ki, erməni separatçılar bu günə qədər Laçın yoluna 21 TIR yığıb:
“Müharibədən keçən 3 il ərzində, yolun açıq olduğu bir vaxtda ermənilərdən Qarabağ iqtisadi zonasına bu qədər “yardım TIR-ı” getmirdi. Bu gün sərhəddə bu qədər TIR-ın yığılması dövlət təhlükəsizliyi üçün növbəti təhdidlər yaradır”.
Ekspert bəyan edir ki, Ermənistan davranışları ilə sülhə gəlmədiyini dəfələrlə göstərib:
“Ermənilərin bugünkü mövqeyi, atəşkəsi pozması, sərhəddə daha çox gərginlik yaratması Azərbaycanın sərhəd təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görməyə məcbur edib. Ümumən, hər hansı yüklərin bir dövlətdən digər dövlətə keçirilməsinin müəyyən beynəlxalq normalar çərçivəsində mexanizmi var və həmin mexanizmin işləməsi müəyyən zaman tələb edir. TIR-ların gəlib Azərbaycana keçmək üçün sərhəddə yığılması da bu mənada absurddur”.
Ş.Ramaldanov xatırladır ki, Ermənistanın Azərbaycana qarşı soyqırımlar, deportasiyalar, qətliamlar, işğallar törətməsinə baxmayaraq, Azərbaycan regionda sülhün bərqərar olması naminə alternativ marşrut olaraq Ağdam-Xankəndi yolunu təklif edib. O, Azərbaycanın bu yolun daha əlverişli olduğunu əsaslandırdığını bir neçə amillə önə çəkib:
“Birincisi, bu yol məsafənin daha qısa olmasına görə sərfəlidir. Bərdə rayonunda QXK qərargahı var və oradan Ağdama, Xankəndinə 71 kilometr yoldur. İrəvandan isə Xankəndinə 330 km.-dir. Eyni zamanda, Ağdam-Xankəndi yolu nisbətən düzdür və ilin hər fəslində işlək vəziyyətdə olur, təhlükəsizdir. Rusiya sülhməramlılarının, hətta bu yoldan istifadə edərək Xankəndiyə getməsinin təmin edilməsi daha əlverişlidir. Bir sözlə, bu yolda logistik imkanlar daha genişdir. Azərbaycan yolun təhlükəsizlik zəmanətini öz üzərinə götürür. Azərbaycan erməni millətindən olub, Azərbaycanda yaşayan bütün erməniləri ərzaq, tibbi ləvazimat, enerji ilə təmin edə bilər. Dövlətimiz ermənilərə bu şəkildə geniş imkanları özündə ifadə edən əsaslı, əlverişli təkliflər verib. Ermənistan öz bildiyini edir, müxtəlif təxribatlarla sülhün qarşısını alır, TIR şousu ilə beynəlxalq qurumlarda Azərbaycana mənfi imic yaratmağa, Qarabağda, guya barrikadada olan ermənilərin çox çətin durumda olmasını bəyan etmək üçün çalışır”.
Hərbi ekspert hesab edir ki, Azərbaycan məsələləri soyuqqanlı diplomatiya ilə izləyərək, bütün prosedurları beynəlxalq hüquq, dövlət maraqları çərçivəsində həll etməyə çalışsa da, lazım olan anda hərbi təzyiq mexanizmini işə salmağa məcburdur.
Ş.Ramaldanov Azərbaycanın ermənilərə Ağdam-Xankəndi yolunu təklif edəndən sonra, sülhməramlı qüvvələrin yerləşdiyi ərazidə atəşkəsin pozulmasına diqqət çəkib:
“Bugünədək həmin istiqamətdə sakitlik idi. İndi isə Laçın yolu istiqamətinə əlavə qüvvələr yığılır, texnika gətirilir, şəxsi heyətin sayı çoxaldılır. Şübhəsiz, ermənilər yeni hərbi insident yaratmaq niyyətini güdür. Belə olan halda, Azərbaycan Ordusunun əsas işi erməni təxribatlarının qarşısını almaq və erməni quldurlarını ərazilərimizdən uzaqlaşdırmaqdır”.
Ş.Ramaldanov bildirir ki, erməni və havadarları məhz sülh müqaviləsinin bağlana biləcəyi ilə bağlı aktivliyin yaranmasından narahat idilər:
“Düşünürlər ki, silahlı insident yaranarsa, sülh müqaviləsinin bağlanması uzanacaq.
İndiyə kimi 3 nüfuzlu platformada – Rusya, Avropa, ABŞ-da məhz Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı görüşlər keçirilib, müəyyən nəticələr əldə olunub. Bu gün Ermənistanın bu cür qeyri-konstruktiv mövqe sərgiləməsinə baxmayaraq, heç bir platformadan onlara irad tutan yoxdur. Rusiya sülh müqaviləsini tələskənlik sayır, Avropa TIR-lar şousunda ermənipərəst mövqe sərgiləyir. ABŞ orta mövqe sərgiləməklə mətbuatda çıxışlar edir. Bütün bunlar göstərir ki, bu platformalarda keçirilən görüşlər, sadəcə, görüş xatirinə baş verib, regionda öz maraqlarını təmin etmək məqsədi daşyır. Ermənistana yetərli qədər təzyiq mexanizmləri ola-ola Ermənistanı sülh müqaviləsini bağlamağa vadar edib, ən azı, TIR şousunda məsələyə obyektiv qiymət verə bilərdilər. Unudurlar ki, vəziyyət gərginləşə bilər”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirir ki, Ermənistanın sərhəddə qoşun yığması və digər addımları onların ərazi iddialarından geri çəkilmədiyini göstərir: “Ermənilərin bütün addımları, ilk növbədə, vəziyyəti gərginləşdirmək, danışıqlar prosesini uzatmaq, indiki mərhələdə sülh müqaviləsinin imzalanmasını ləngitməkdir. Ermənistan hər hansı formada sülhə hazır deyil. Ermənistan üçtərəfli sənədin 4-cü bəndinə uyğun olaraq Qarabağdan öz silahlı qüvvələrini çıxarmır, revanşist siyasətini davam etdirir. Eyni zamanda, Azərbaycanı Qarabağda yaşayan erməniləri blokadaya almaqda ittiham edərək, BMT TŞ-a, beynəlxalq məhkəmələrə müraciət edir, beynəlxalq media orqanlarında əks-təbliğat aparır”.
M.Məmmədli qeyd edir ki, ermənilər bilir ki, indiki mərhələdə sülh müqaviləsi imzalanarsa, həmin sənəd Ermənistanın ərazi iddialarını ürəklərində qoyacaq.
O, eyni zamanda, II Qarabağ müharibəsindən sonra Azərbaycanın qalib dövlət olduğunu, regionda status-kvonun dəyişdiyini önə çəkib: “Dünyada gedən proseslər, Rusiya-Ukrayna müharibəsi ölkəmizə müəyyən fürsətlər verir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq öz milli maraqlarına uyğun surətdə danışıqlar prosesini tamamlasın. Ona görə də Azərbaycan istənilən təxribata cavab verəcək. Biz danışıqların daha 27 ildə də uzanmasını istəmirik.
Azərbaycan bölgədə davamlı sülhün əldə olunmasında maraqlıdır. Bunun üçün də siyasi, hərbi, diplomatik bütün addımlar atılacaq”.
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Vətən müharibəsinin başa çatmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Eyni zamanda, Ermənistan ərazi bütövlüyünü tanıdığı Azərbaycanın Qarabağ bölgəsindən öz silahlılarını çıxarmır və ərazilərimizə keçmək üçün Laçın yolunu hədəf seçməklə ölkəmizə qarşı təzyiqlərini, ərazi iddialarını davam etdirir. Ermənistanın Azərbaycanla şərti sərhəddə silahlı birləşmələrinin konsentrasiyasını artırması, eyni zamanda, rusların müvəqqəti nəzarətində olan ərazilərdə kifayət qədər geniş mühəndis istehkam işlərinə başlaması Azərbaycan üçün növbəti erməni təxribatlarına hazırlıqlar üçün ciddi əsaslar verir”.
Ə.Verdiyev deyir ki, əgər Ermənistan tərəfinə sülh lazım deyilsə, Azərbaycana da lazım deyil: “Əgər Ermənistan müharibə yolu seçirsə, Azərbaycan sülh istəsə belə, onu təkbaşına təmin edə bilməz. Proseslər onu göstərir ki, Ermənistan regionda sülhün və təhlükəsizliyin əldə olunmasında maraqlı deyil, eskolasiyanın yaranmasında və genişlənməsində maraqlı tərəfdir. Ermənistanın bu addımları revanşist qüvvələrlə bərabər, Azərbaycana qarşı addım atmaq niyyətində olan bütün erməni siyasi qüvvələrinin ciddi cəzalandırılması ilə nəticələnə bilər. Qarabağ və sərhəd ərazilərində 17 dəfə məğlubiyyətə düçar qalan Ermənistan öz fəaliyyətləri barədə ciddi korreksiyalar etməlidir. Əks halda, Ermənistanın cəzalanması bu revanşist niyyətlərə düşən daşnaq komandasının və onun havadarlarının çox ciddi itkilərə məruz qalması ilə nəticələnəcək”.
Hərbi ekspert Telman Qasımov Ermənistanın, Qarabağdakı separatçı rejimin getdikcə aqressivləşdiyini, Azərbaycana qarşı təxribatlarını daha da genişləndirdiyini deyib. Ekspert bu gün erməni revanşistlərin mərkəzləşdirilmiş şəkildə hərəkət etdiyini və nəticənin bölgə, eləcə də Ermənistan üçün heç də ürəkaçan olmayacağını deyib:
“Ermənilərin Los-Ancelesdəki Azərbaycan konsulluğunun qarşısında keçirdiyi etiraz aksiyaları, Araik Aratunyanın, Vardan Oskanyanın, Ruben Vardanyanın, David Babayanın Azərbaycana qarşı timsah göz yaşları və Paşinyanı Azərbaycanla beynəlxaq platformalarda bağladığı şifahi razılıqlara görə ciddi tənqid etmələri, onu Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikirlərindən yayındırmaq çağırışları, hökumətdən müharibə istəmələri real Ermənistanın mövqeyini ortaya qoyur:
“Radikal qruplar hökumət qarşısında etirazlar təşkil edib, Azərbaycana qarşı genişmiqyaslı əməlyyatlara başlanılmasını tələb edirlər.
44 günlük savaşdan sonra ermənilərin dinc oturmayacağı, Azərbaycana qarşı növbəti hibrid müharibəsinə başlayacağını bilirdik. Erməni radikal qüvvələr bu gün də Qarabağda yaşayan ermənilərin vəziyyətinin ağırlaşmasını öz cinayətkar əməlləri ilə deyil, dekabr ayının 12-də Azərbaycan ekoaktivistlərinin ekoaksiyası ilə əlaqələndirir, Həkəri çayı üzərində qurulan keçid-buraxılış məntəqəsini həmin aksiyanın nəticəsi hesab edirlər. Ermənilər hay-küy qaldırır ki, su, ərzaq qıtlığı yaranıb, iqtisadiyyat çöküb, ermənilər blokadadır. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan öz ərazisində yaşayan separatçıların təsiri altında yaşayan erməni vətəndaşlarının həyat şəraitini təmin etmək üçün bir sıra təkliflərlə çıxış edib, erməni əhalisini danışıqlara dəvət edib. Ermənilər bu danışıqlardan da yayınır.
Eyni zamanda, başqa torpaqlara iddia edən erməni revanşistləri, eləcə də “humanitar böhran iddiasını əllərində bayraq edən bəzi ermənipərəst dövlətlər, illərdir Naxçıvanın Ermənistanın işğal siyasəti nəticəsində blokadada qaldığını nə “ağıllarına”, nə də dillərinə gətirmirlər. Azərbaycana qarşı bu cür yersz, absurd iddialar, ittihamlar davam edərsə, eləcə də beynəlxalq müstəvidə erməni cinayətlərini dəstəkləyən addımlar görünərsə, müharibə hazırlıqlarına son qoyulmasa, Azərbaycan əvvəlki təcrübədən istifadə edərək, sentyabra qədər erməni quldurlarının dərsini vermək üçün əməliyyatları tezləşdirməlidir”.