Ermənistanın baş naziri Nikol Paşinyanın -“Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir və bu imkanı sələflərim yaradıb” sözləri Ermənistan və Qarabağdakı separatçı qrup arasında ciddi mübahisələrə səbəb olub. Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan isə Nikol Paşinyanın açıqlamasına etiraz edərək deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil.
Separatçı rejim liderlərindən olan David Babayan isə dünən mətbuata açıqlama verərək “Artsaxın müstəqilliyindən” danışıb və faktiki olaraq Ermənistan baş nazirinin mövqeyinə etiraz edib.
Bu barədə hafta.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan hakimiyyəti və müxalifəti belə çıxışlarla manevr edir, oyunlar qurur və bundan istifadə edərək havadarlarından hərtərəfli dəstək almağa yönəlik addımlar atırlar.
Q.Hüseynli bildirib ki, bu, Ermənistanın revanşist niyyətlərindən əl çəkmədiyini bir daha ortaya qoyur.
“Bu cür çıxışlar Ermənistanın növbəti sərsəmləməsidir. Ermənistanda kimlərin nə deməsindən asılı olmayaraq Azərbaycan 44 günlük müharibədə qalibdir və qalib dövlət olaraq da öz diplomatiyasını yürütməlidir. Əslində bu cür çıxışlar Ermənistan hakimiyyətinin, müxalifətinin Qərbə, Şimala hesablanan manevrləridir. Ermənistan sülh sazişi imzalanana qədər hələ bu cür fikirləri çox səsləndirəcək. Bütün hallarda Azərbaycanın siyasəti bəllidir. Ermənistan 44 günlük müharibədə uduzub, məğlubdur, rəzil gündədir. Və Azərbaycan diplomatiyası Ermənistanın delimitasiya, demarkasiya prosesinə cəlb etməlidir, ermənilər hələ çox sərsəmləyəcək”.
Politoloq hesab edir ki, cinayətkar Araik Aritunyanın hansısa bəyanatlar verməyə nə hüququ, nə də həddi yoxdur:
“O, cinayətkardır və Azərbaycan tərəfindən axtarışa verilib. Cinayətkarların hansısa iddialarla çıxış etməsi gülüncdür və həyasız ermənilər istədikləri şəkildə hərəkət edirlər. Nə vaxtadək Ermənistan sülh sazişinə imza atmayıb, Azərbaycanın sərhədlərini tanımayıb, nə qədər ki, erməni silahlıları Azərbaycan ərazilərindədir, onların sərsəm çıxışları davam edəcəkdir. Ona görə də nə danışmaqlarından asılı olmayaraq, Azərbaycan son sözünü deməlidir. Bu gün Zəngəzur dəhlizi ətrafında çıxışlar edirlər, öz iddialarını yeritmək istəyirlər, amma onların buna ixtiyarları çatmır. Məğlub ölkə məğlub kimi də davranmalıdır”.
Politoloq bildirib ki, istər Paşinyan, istərsə də onun müxalifəti daxili auditoriyaya, lobbiyə xarici auditoriyaya hesablanan çıxışlar edirlər:
“Ancaq bunların heç bir nəticəsi olmayacaq. Bütövlükdə Azərbaycan ictimaiyyəti, siyasəti, diplomatiyası Ermənistanın mənfur, revanşist siyasətini açmalıdır. Ermənistan nə yolla olursa olsun, sülh sazişini imzalamaq üçün masaya otuzdurulmalıdır.
Əslində Ermənistan müxalifəti guya Araik Aritunyanın Paşinyana qarşı siyasi müharibəyə qalxması da Paşinyanın sığıortalanmasına yönəlib. Bu da ona hesablanır ki, guya danışıqlarda iştirak edən Paşinyan sülhə gəlir, amma lobbi və diaspora buna imkan vermir. Bax belə bir fikri formalaşdırmaq istəyirlər. Bu, növbəti erməni hiyləsidir və Azərbaycan bu cür yanaşmaları çox yaxşı bilir, işğal tarixində də bilirdi, müharibənin gedişində və ondan sonrakı proseslərdə də bunu gördü”.