Bu addım Birinci Qarabağ müharibəsinin iştirakçılarına dövlət qayğısının göstəricisidir - Şəmistan Əlizamanlı

11:46 04.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı yüksək əhəmiyyətə malikdir.

Bu fikirləri hafta.az-a “Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı bildirib.

Onun sözlərinə görə, bu addım yalnız 44 günlük Vətən Müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısının göstəricisidir.

Ş.Əlizamanlı bildirib ki, dövlətin apardığı bu siyasət bir daha hər kəsə bəyan edir ki, Vətən uğrunda canını, qanını verən heç kəs unudulmur, unudulmayacaq!

“Təbii ki, Prezidentin bu addımı gözəl bir nümunədir, alqışlanmalıdır, müsbət dəyərləndirirəm. Əslində, uzun illərdir ki, qazilərimiz bunu gözləyirdilər. Bu onların haqqıdır. Əlbəttə onlar bu diqqət və qayğıya görə sevinirlər. Düşünürəm ki, bundan sonra da dövlətimizin qazilərə qayğıları davamlı olacaq.

Ş.Əlizamanlının sözlərinə görə, Şəhid ailəsinə, Qazisinə, müharibə iştirakçısına, veterana göstərilən hər bir qayğı, gələcəyin güclü, qətiyyətli, cəsur əsgərinin yetişməsinə vəsilə olan, insanlara ruh verən bir əməl, nümunə olmaqla yanaşı, Vətənin öz əsgərinə “Oğul” deməsidir. Bu, ən böyük vətənpərvərlik təbliğatının yeni atılan bünövrəsidir.

Ş.Əlizamanlı hesab edir ki, heç bir döyüşçü dövlətin diqqətindən kənarda qalmamalıdır. Hər bir məmur öz müharibə veteranına, müharibə iştirakçısına, qazisinə, Şəhidinə ehtiramla yanaşmalı, onun hansısa problemlə üzləşməsinə yol verməməlidir. Çünki vətən elə onlardan başlayır. Bütövlükdə cəmiyyətimiz öz döyüşçüsünə hörmətlə yanaşmalıdır.