Bu gün onların bayramıdır - fövqəladə hallarla mübarizə aparanların...

12:52 16.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. Hafta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 17 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib.

Bu illər ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün onlarla hüquqi sənəd hazırlanıb, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşların geyim forması və fərqləndirmə nişanları təsdiq edilib. Fövqəladə Hallar Nazirliyinin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib. Regionlarda FHN-in üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə regional mərkəzləri fəaliyyət göstərir. Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib.

Nazirliyin qurumlarında əsaslı təmir və yenidənqurma işlərinə xüsusi diqqət göstərilib, yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin edilib. Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans əlaqəsi yaratmaq gücünə malik mobil qərargah - avtobusun, radiosistemli xüsusi təyinatlı avtomobillərin, hündürlük nərdivanlarının, xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikaların, motosikletlərin, mina və hərbi sursatların aşkar edilməsi və zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün yüksəksürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə tamhəcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.

Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və 112 - qaynar telefon xətti yaradılıb. FHN əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb.

Ötən 17 il ərzində nazirlik fövqəladə hallarla mübarizə sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğından mühafizə və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.Vətən müharibəsi dövründə də FHN-in bütün strukturları Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Qələbənin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.

FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır. Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə qısa müddət ərzində dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsi yaradılıb. Hazırda hərbi hissənin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə fövqəladə halların qarşısının alınması istiqamətində maddi-texniki bazanın gücləndirilməsi hazırda FHN qarşısında dayanan əsas prioritet istiqamətlərdən sayılır. Bu məsələ Prezident İlham Əliyevin də xüsusi diqqətindədir.

Təsadüfi deyil ki, dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalarla şəxsən tanış olub. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.

“KamAZ” və “İveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.

Müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil (onlardan 3-ü idxal edilib, digərləri isə cari ilin sonunadək idxal olunacaq) alınıb.

Nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Təqdim edilən texnikalar arasında “Ural” markalı avtomobillər də var. Bu avtomobillərdən də yanğın hadisəsi zamanı yüklərin daşınması və digər işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Eyni zamanda, FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyən edib. Qısa müddətdə Türkiyə, Rusiya, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Beynəlxalq əməkdaşlığını durmadan genişləndirən Fövqəladə Hallar Nazirliyi Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi ötən ilin yayında qardaş Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi oldu. Qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan FHN-in 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdirdilər. FHN-in yanğın-xilasetmə qüvvələrinin bu fədakarlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev 2021-ci il avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə FHN-in 90 əməkdaşı təltif olundu. Nazirliyin əməkdaşlarından 14 nəfər “İgidliyə görə”, 43 nəfər “Hərbi xidmətlərə görə”, 3 nəfər 2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, 30 nəfər isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edildi.

Qeyd etdiyimiz fədakarlıq və peşəkarlıq örnəkləri FHN-in şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır olduğunu deməyə əsas verir.