Buraxılış imtahanlarının mart ayına çəkilməsinə başlıca səbəb abituriyentlərə ikinci şans (blok) imtahanı verilməsidir.
Bu fikirləri hafta.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib:
“Ötən ilə qədər pandemiyayla əlaqədar şagirdlər yalnız bir imtahanda iştirak edə bildilər. Onlara ikinci şans verilmədi. Mart ayında buraxılış imtahanlarının keçirilməsi deməzdim ki, abituriyentlərə ciddi mənada təsir edəcək. Çünki buraxılış imtahanlarının keçirilməsi atestat imtahanları demək deyil. Buraxılış imtahanlarının və qəbulun ilk mərhələsinin bu il martda, növbəti ildə isə fevralda yaxud dekabrda təşkil olunması sırf şagirdlərin biliyinin yoxlanılmasından ibarətdir. 11-ci siniflər proqramı tam bitirdikdən sonra bu yoxlanışı aparmaq mümkündür. Qiymətləndirmə şagirdlərin imtahana qədər keçdiyi dərslər əsasında da aparıla bilər”.
Ekspert bu il qəbulun ikinci mərhələsi üzrə təşkil olunacaq imtahanların önə çəkiləcəyini güman etmir:
“Qəbulun ikinci mərhələsi olan imtahanın daha da önə çəkiləcəyini düşünmürəm. Bizim 2019 cu ilə qədər apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, şagirdlər buraxılış imtahanlarını aprel ayında verirdilər. Ondan 1 ay sonra may ayında birinci mərhələ imtahan verirdilər. Ardınca isə iyun-iyul aylarında ikinci mərhələ qəbul imtahanları baş tuturdu. Buna görə fikrimcə bu il də eyni sistem təqdim ediləcək. Yenə may ayında birinci mərhələ, iyun-iyul aylarında isə ikinci mərhələ qəbul imtahanları keçiriləcək”.
Son olaraq təhsil eksperti buraxılış imtahanlarının hər ilkindən bir qədər əvvəl təşkil olunmasının bir sıra üstünlüklərindən sə söz açdı:
“Bir məqamı da qeyd edim ki, imtahanlar kütləvi xarakter daşıyır. Təxmini 80-85 min abituriyent iştirak edir. Bu da ümumi nəticələrin daha tez elan edilməsini zərurətə çevirir. Açıq sualların yoxlanması isə uzun vaxt aparan prosesdir. Belə olan halda ən azı 3 həftə vaxt lazım gəlir ki, cavablar açıqlansın. Ona görə biz bunu daha erkən təşkil etməklə digər imtahanlara vaxt qazanmış oluruq”.
Qeyd edək ki, bu il tam orta təshil müəsisələrindən buraxılış imtahanları bölgələrdən asılı olaraq 5-6, 12-13 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 16-17 və 23-24 aprel tarixlərində baş tutacaq.