Cıdır Meydanı pandemiya dövründə - REPORTAJ

12:55 06.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tarixə nəzər salsaq görərik ki, atları ilk olaraq əhilləşdirən, onları ram edən və minən türk xalqları olmuşlar. Əbəs deyil ki, bu gün ölkəmizdə atçılığın inkişafına böyük önəm verilir. Bu məqsədlə paytaxtda, eləcə də ölkəmizin bir sıra regionlarında atçılıq mərkəzləri yaradılıb. Məlumata görə, Bakı şəhərində, təxminən, 10-a qədər belə mərkəz fəaliyyət göstərir. Bununla belə bəzən atlara göstərilən ögey münasibətin də şahidi oluruq. Elə bu yaxınlarda Şəkidə yaşanan olay kimi… Bu dəfə atlara olan münasibətdən danışacağıq.

1923-cü ildə tikilən Cıdır Meydanı

Hafta.az-ın əməkdaşı Bakı Dövlət Cıdır Meydanının qonağı oldu. Şəhərin səs-küylü mərkəzindən elə də uzaqda yerləşməyən bu məkan asudə vaxtını səmərəli keçirmək istəyənlərin üz tutduğu əvəzsiz yerlərdəndir. Burada bizi Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzininin rəhbəri Sərxan Tağıyev qarşıladı. Həmçinin müsahibimiz bizləri maraqlandıran suallara da aydınlıq gətirdi.

İlk olaraq diqqətinizə çatdıraq ki, Bakı Dövlət Cıdır Meydanı  Kənd Təsərrüfatı Nazirliyinin balansında olan qurumdur. 1923-cü ildə tikilmişdir. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar ippadromda yarışlara çıxmışlar. Beynəlxalq cıdır meydanlarında Azərbaycanın 50-dən çox qələbəsi vardır. Onun 40-dan çoxu isə məhz həmsöhbətimiz S.Tağıyevin babası Əli Tağıyevə və yetirmələrinə məxsusdur. Ə.Tağıyev ölkəmizdə yeganə insandır ki, cıdır yarışlarında göstərdiyi nəticəyə görə ümumittifaq yarışlarında qızıl medalla təltif olunub. Hal-hazırda Cıdır meydanında təmir işlərinə başlanılıb. İstisna deyil ki, əsaslı təmirin ardından qısa müddətdə Cıdır meydanı əvvəlki şan-şöhrətini özünə qaytaracaq. Həmçinin, Bakı Dövlət Cıdır Meydanı şəhərin içində yerləşdiyi üçün bura gəlib-getmək vətəndaşlara da rahatdır.

Bir haşiyə də çıxaq ki, Bakı Dövlət Cıdır Meydanı adından da göründüyü kimi, dövlətə məxsus olsa da, burada çox sayda özəl klublar fəaliyyət göstərir. Təlim kursları özəl klublar tərəfindən aparılsa da, təşkil edilən çovqan və s. bu tipli yarışlar dövlət tərəfindən təşkil olunur.  

Kraliçaya Qarabağ atını kim təqdim edib?

Müsahibimiz ayaqüstü söhbət zamanı söylədi ki, Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzi (Baku Golden Horse Therapy and Educational Center) 2014-cü ildə yaradılıb:

“Məqsədimiz həm peşəkar dərslər təşkil etmək, həm də uşaqlara dəstək olmaq idi. 6000-ə yaxın xüsusi qayğıya ehtiyacı olan – autizmli, daun sindromlu, danışma və eşitmə əngəlli uşaqlar bizim mərkəzin qonağı olmuşlar və terapiyalarda iştirak etmişlər”.

Dördüncü nəsil məşqçi olan Sərxan Vidadi oğlu Tağıyev ailəsinin peşəkar atçılığa babasının atası – Tağı Tağıyev ilə başladığını söylədi. Daha sonra onlar ölkəmizdə bir neçə atçılıq zavodları yaratmışlar:

“Özüm 2005 ci ildə cıdır jakey (cıdır yarışında at sürən insana deyilir) kimi bir sıra yarışlarda iştirak edib, naliyyətlər qazanmışam. Bu sahə üzrə nəslimizin ən görkəmli nümayəndəsi babam Əli Tağıyevdir. Tarixboyu baş vermiş müharibələrlə bağlı Qarabağ atlarının sayı dəyişib. 1946 cı ildə yerli mütəxəssislər Qarabağ atını tanıtmaq üçün Ağdam atçılıq mərkəzini yaradırlar. Atın cins status alması üçün o, zavod şəraitində yetişdirilməli, pasportu, DNT təhlilləri olmalı, şəcərəsi bilinməlidir. Ona görə də 1946-cı ildən bəri ölkənin müxtəlif zonalarından sırf  Qarabağ tipinə aid 60-a yaxın at yığılıb. 1949-cu ildə Ağdam Atçılıq Zavodu yaranıb. Qurucular, Cəlal Tağıyev, Süleyman Həsənov, Əlibəyov olur.

1956-cı ildə orada doğulan ən gözəl balalardan “Zaman” ləqəbli Qarabağ atını Əli Tağıyev Londona apararaq, Kraliça II Yelizavetaya hədiyyə edir. Bu hadisədən sonra bütün dünya Qarabağ atının gözəlliyini görür”.

Atlar və növləri

Müsahibim tələbə qəbulu və ippadromdakı atlarla bağlı da məlumat verdi.

«Tələbələri, əsasən, onların istedadını yoxlayaraq qəbul edirik; məsələn, uşaq yaşlarından: 3-4 yaşlı balaca öncə ponilərlə tanış olur. Həvəs yarandığı halda, atlarla da tanışlıq, sonra isə təlim və məşqlər başlayır.

Hazırda İppadromda 200 başdan çox at var. Bunlar milli sərvətimiz olan “Qarabağ” və “Dilboz”, dünyanın bütün ippadromlarında iştirak edən ingilis, ərəb, kankur (maneələrin üstündən tullanmaq) növündə istifadə olunan alman cinsləri –“Holştein”, “Hannover”,  fransız, Belçika, Ukrayna cinsləri, ponnilər və başqa növ mövcuddur».

Bu məqamda bir haşiyə çıxmaq istərdim… Peşəkar atçı həmsöhbətimiz deyir ki, ingilis və ərəb atları mütəmadi olaraq yarışlarda iştirak etdikləri üçün onlar çox qüvvəli olurlar. Psixologiyaları da bir qədər fərqlidir. Həvəskarlar üçün daha çox mülayim təbiətli sakit atlardan istifadə olunur. Ümumilikdə isə, hər bir atın özünəməxsus xarakteri, təbiəti var:

“Bunu müşahidə zamanı ayırd etmək mümkündür. Təbii ki, at hələ kiçik yaşlarında, ilxı vəziyyətində böyüyəndə xaraketrinə görə seçilir. Bəzi atlarda liderlik xüsusiyyətləti özünü göstərəndə,  digər qisimdə rahat, sakittəbiətli olmaları sezilir”.

Yəhərləmə

Ata ilk dəfə 1 yaş 6 aylığında yəhər qoyulur. Bu dövrə qədər isə onlar, ancaq təbiətdə gəzir və ya xırda məşqlərdə iştirak edir. Sentyabr-oktyabr aylarında isə biz artıq atları öyrətməyə başlayırıq. Daha rahat atlar, satış və yaxud da həvəskarlar üçün nəzərdə tutulur. Daha çox liderlik qabiliyyəti sərgiləyən, əzələli atlardan profisional kimi istifadə edirik. 2 yaşına kimi hazırlanmış at ardınca yarışlara çıxarılır. Kankur növündə isə, atlar 2-3 yaşından etibarən yəhərlənməyə başlanılır. Onlar profisional kimi, təxminən 6-7 yaşlarından sonra ilk yarışlarına çıxırlar.

Hər bir atın həyatı dırnaqdan başlayır. Nallamaq prosesinə 1 yaş  6 ay, 1 yaş 8 aydan sonra başlanılır.

Pandemiya və atçılıq

Bir çox sahələrdə olduğu kimi, pandemiyanın atçılığa da təsirsiz ötüşməyib. Belə ki, Sərxan Tağiyevin sözlərinə görə, hər bir atın öz yarış dərəcəsi var. Məsələn iki və üç yaşlı atlar ancaq öz yaşıdları ilə çapa bilər. 4 yaşdan yuxarı atlar isə eyni qrupda iştirak edirlər:

“Pandemiya boyu 2-3 yaşlarında çox gözəl atlarımız var idi. Təəssüf ki, onlar yarış üzü görmədilər. At və at sahibləri  üçün pandemiya şəraitinin ağır nəticələri oldu. At sahibləri olaraq kimləri isə maraqlandırmışdıq ki, atlar alıb yarışlarda iştirak etsinlər. Nə yarışlar baş tutdu, nə də qalibiyyətlər oldu. Təbii ki, belə olan halda mənfəətdən də söhbət gedə bilməz. Buna görə də atların əziyyətini özümüz çəkdik, maddi cəhətdən böyük problemlər yaşadıq. Ötən il ərzində cəmi bir dəfə Milli Ordumuzun şücaətinə dəstək olaraq, oktyabr ayında "Biz birlikdəyik" adlı üçgünlük yarış təşkil edildi. Bu, həm kankur növü, həm Cıdır yarışları üzrə həyata keçirildi. Qazanılan kuboklar da "Murov", "Şuşa", "Qarabağ", "Hadrut" şəklində azad olunmuş ərazilərimizin adı ilə  adlandırıldı.

 

2021-ci ilin may ayıdır. İlk kankur yarışlarına start verilib. Bu ayın axırına yaxın ikinci kankur yarışları da olmalıdır. Fikrimcə, ippadromun təmiri tam başa çatdıqdan sonra, pandemiya ilə bağlı vəziyyət dünyada bir qədər yumşalar və açıq havada olan yarış növü kimi atçılığın da peşəkar yarışlarına icazə verilər”.

Elə maliyyə sıxıntıları demişkən, ortaya maraq doğuran başqa bir sual çıxır: görəsən, belə klubları dövlət, yaxud hansısa qurum maliyyələşdirir, ya necə? Müsahibimizin cavabı belə oldu:

“Xeyr, məsələn, mBaku Golden Horse center tam olaraq mənim məsuliyyətimdədir. Bura atların qidalandırılması, qulluq edilməsi, işçilərin əməkhaqları da daxildir. Atları insanlar kimi pandemiyadır deyib harasa qapamaq olmur. Üstəlik, bu heyvanların doyma hissi də yoxdur. Ona 1 kq yem verib deyə bilməzsən ki, olanı budur.  Belə qulluq olsa, həmin atlar həyatda qalmayacaq. Biz bu halı Şəkidə müşahidə etdik. Cins atlara mütəmadi olaraq qulluq olunmalıdır. Cins atlar xanımlar kimi, xüsusi diqqət, qulluq tələb edir. Bu qulluq olmasa, atlardan heç bir müsbət nəticə görmək olmaz. Buna görə də atlara qulluq, yemləmə, yerləşdiyimiz yerin kirayəsi, idmançı və əməkdaşların maaşları mənim üzərimdə idi.   Ötən il çox çətinliklə olsa belə, heç kəsi işdən uzaqlaşdırmadan yolumuza davam etməyi bacardıq. Cins atları mütəxəssislər olmadan saxlamaq mümkün deyil. Onlar hər gün bayıra çıxıb məşq etməlidir. Yığdıqları enerjini içəridə, qapalı məkanda çıxara bilmələri mümkün deyil. Məcburi olaraq hər bir at ya əllə qovulmalı, ya da belində peşəkarlar məşq edilməlidir.

Qidalandırılma və qulluq

S.Tağiyev bildirdi ki, tövlə şəraitində saxlanılan Cıdır atları ən azı gündə üç dəfə yemlənməlidir:

“Ot isə atın yemək qabiliyyətindən asılı olaraq günboyu 5-6 dəfə verilə bilər. Ümumilikdə, hər at, onun boy, çəki, məşq ağırlığı nəzərə alınaraq qidalandırılır. Peşəkar yarış atı günboyu 7-15 kq arası vələmir yeməlidir. Ot isə 15-30 kq arası olaraq dəyişir. Bu işin maddi tərəfi olduqca çətindir.

Atlar, demək olar ki, hər ay müxtəlif xəstəliklərə qarşı peyvəndlənir. Cins atların böyüklüyünə baxmayın, onların immuniteti çox zəifdir. Adi bir nikotindən, güclü külək əsməsindən xəstələnib həyatlarını itirə bilərlər. Çox həssas və immuniteti zəif canlılardır. Atçılıq dünyanın ən elit idman növü hesab olunur. Atlara qulluq, onlara aid olan ləvazimatlar çox bahalıdır. Buna görə də atçılığa hər zaman dövlət tərəfindən dəstək olub. Ümid edirik, yarışlar başladıqdan sonra,  Kənd Təsərrüfatı Nazirliyindən bizlərə dəstək göstərilsin”.

Mərkəzdə həvəskarlar üçün girişin qiymətlərinə gəldikdə isə rəhbərin sözlərinə görə, bu, standart olaraq təyin edilməyib.

Həvəskarların təlimi

Daha sonra klubda həvəskarların təlimini də izlədik. Həmsöhbətimiz bu məqamda bir maraqlı faktı da diqqətimizə çatdırmış oldu. Sən demə, yerli atlar ayağını paralel (sol və sağ ayaqlarını bir qayda olaraq eyni vaxtda) atarkən, istənilən cins at addımlarını diaqonal formada atır. Ona görə də at belində olan şəxs məcbur olub, onun ritmini tutmalıdır. Cins at sürən zaman ritmlə qalxıb-oturmaq prosesi bir qədər sadələşdirir. Yorğa atlarda isə bu problem yoxdur. Onların belində daha rahat dayanmaq mümkündür.

4 nəsillik sevgi

Bu işi görmək üçün onu sevmək lazımdır. Hal-hazırda bizdə çətinlik maddiyyatla bağlıdır. Dünyada  yalnız 2 canlı – delfinlər və atlar insana çox yaxındır, onun psixoloji vəziyyətinə müsbət təsir göstərir. Atlarla 5-10 dəqiqə vaxt keçirən insanın neqativ enerjisi, stresi yox olur.  Atçılıq  elə bir sahədir ki, gərək ömrünün çox hissəsini ona həsr edəsən. Atın hər etdiyi hərəkətdə onun əhval-ruhiyyəsini, ağrılarını hiss etmək lazımdır. Bu da təcrübə tələb edən işdir. Elə məqam olur ki, onu ancaq peşəkarlar başa düşə bilər. Məsələn, lider atlardan biri yarışda uduzduqdan sonra bir müddət onun əhvalında məğlubiyyət hissi öz əksini tapır. Məğlub at sanki sınır. Qalib olan at isə tam fərqli formada bunu nümayiş etdirir. “Mən liderəm” deyirmişcəsinə davranışlar sərgiləyir.

3 yaşlı “Soltan”

Sonda isə mədəniyyətimizin incisi Qarabağ cinsinə mənsub olan 3 yaşlı “Soltan” ilə tanış olduq. Həqiqətən də atlara toxunmaq, onlara sığal çəkmək və bu hissin gözəlliyini sözlərlə ifadə etmək qeyri-mümkündür. Parlaq gün işığını ipək kimi yumşaq tüklərində əks etdirən “Soltan”, sanki günəşi sığışdırmışdı hər zərrəsinə. Sərxan bəy Qarabağ atlarının digər füsunkar özəlliklərini də bizlərlə paylaşmış oldu.

Qarabağ atlarının ümumi xüsusiyyətləri, rənglərinin qızılı-kürən, bellərinin üstündən gedən qara cızıq, ayaqlarında və alınlarında ağ ləkələrin olması ilə seçilir. Üstəlik, onların ölçüləri elə də nəhəng olmur. Baxdıqca, gözoxşayan Qarabağ atları dünyada da öz gözəlliyi ilə tanınır”.

Atçılıq Mərkəzindən ayrılıb şəhərin haylı-küylü yaşantısına davam etdikdə atlardan alınan müsbət enerji hələ xeyli yaddaşda xoş təəssüratlar buraxmış olur. Elə buna görə də boş vaxtını səmərəli istirahətə yönəltmək istəyən hər bir kəsə atlarla vaxt keçirməyi tövsiyə edirik.

 

Oxunma sayı 2836