Maldiv adalarının yeni lideri Məhəmməd Muizzu ölkədəki bütün hind əsgərlərinin deportasiya ediləcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, noyabrın 17-də prezident vəzifəsinin icrasına başlayacaq Muizzu BBC-də yayımlanan müsahibəsində verib: “Biz Maldiv adaları ərazisində heç bir xarici ölkənin əsgərlərini istəmirik. Mən bunu Maldiv xalqına söz vermişəm və ilk gündən sözümü yerinə yetirəcəyəm”.
Muizzu həmçinin bildirib ki, seçkidə qalib gəldikdən bir neçə gün sonra Hindistanın Maldiv adalarındakı səfiri Munu Mahavarla görüşüb və ona çox açıq şəkildə bildirib ki, hər bir hindistanlı hərbçi ölkədən çıxarılmalıdır.
Xəbərdə Çinə yaxın olan Muizzunun belə bir addımının Maldiv adaları ilə Hindistan arasında diplomatik problemlər yarada biləcəyinə diqqət çəkilib.
Xatırladaq ki, sentyabrın 30-da keçirilən seçkilərin ikinci turunda ana müxalifətdəki Tərəqqi Partiyası (PPM) və Xalq Nümayəndələri Konqresinin (PNC) yaratdığı koalisiyanın namizədi Muizzu 54,4 faiz səslə qalib gəlib. Hindistana yaxın olan Maldiv Demokratik Partiyasından (MDP) indiki prezident İbrahim Məhəmməd Salehin səs nisbəti 46,4 faiz olaraq qalıb.
Maldiv ordusunun paylaşdığı rəqəmlərə görə, ölkədə təxminən 75 Hindistan əsgəri var. Bildirilib ki, bu personal Hindistanın 2010 və 2013-cü illərdə Maldiv adalarına “hədiyyə” olaraq göndərdiyi iki hərbi helikopterin və 2020-ci ildə göndərdiyi kiçik hərbi təyyarənin saxlanması üçün təyin edilib. Bununla belə, opponentlər iddia edirlər ki, Yeni Dehli administrasiyası bundan ölkəyə qoşun yeritmək üçün bəhanə kimi yararlanır.
Muizzu, Maldiv adalarındakı bu əsgərlərin Hindistanla Çin arasındakı gərginliyin artacağı təqdirdə problem yarada biləcəyinə diqqət çəkərək, "Maldiv adaları bu qlobal güc mübarizəsinə girmək üçün çox kiçikdir. Biz buna qarışmayacağıq" deyib.
Seçkilər öncəsi verdiyi açıqlamada hərbçilərin vəziyyətinin şişirdilmiş olduğunu deyən Salih bildirib ki, ölkədəki hindistanlı hərbçilər Maldiv ordusunun komandanlığı altında xidmət edir.
Digər tərəfdən Hindistan 2021-ci ildə Maldiv adaları ilə Sifavaru limanında dəniz bazası qurmaq üçün müqavilə imzalayıb. Yeni Dehli administrasiyası bazanın Maldiv ordusuna aid olduğunu və oradakı əsgərlərə hindistanlı personal tərəfindən təlim keçiləcəyini açıqlamışdı.
Çinlə Hindistan arasındakı münaqişə 520 min nəfər əhalisi olan Maldiv adalarında keçirilən seçkilərdə də özünü göstərib.
2013-2018-ci illərdə ölkə prezidenti olmuş Abdulla Yamenin dövründə Maldiv adaları Çinlə münasibətləri yaxşılaşdırıb. Yamin həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edib. Lakin 2018-ci ildə keçirilən seçkilərdə qalib gələn Salih Çindən uzaqlaşmaq və Hindistanla münasibətləri yaxşılaşdırmaq siyasəti yürüdürdü.
Yamin korrupsiyada günahkar bilindikdən və 2022-ci ilin dekabrında 11 ay həbs cəzasına məhkum edildikdən sonra Muizzu onun yerinə seçkilərə qatılıb.
Sakit-Hind okeanında təsirini artırmaq istəyən Pekin administrasiyası Maldiv adaları kimi strateji mövqedə yerləşən ölkəni də özünə yaxın saxlamaq istəyir. Son illər adada infrastruktur layihələrinə sərmayə qoyaraq Maldivlə əlaqələri inkişaf etdirən Çin lideri Si Cinpin, seçkilərindən sonra "Muizzu ilə işi davam etdirməyə hazırıq" mesajını verib.
Hindistan isə çoxdankı mədəni və maliyyə əlaqələri olan Maldiv adalarının Çin oxuna doğru sürüşməsini istəmir.