Çin Honq-Konqdakı konsulluqların işçilərinin siyahılarını istəyir

10:45 21.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pekin rəhbərliyi Honq-Konqdakı konsulluqlarda çalışan yerli işçilərin adları, ünvanları və iş təsvirlərinin müvafiq ölkələr tərəfindən Çin Xarici İşlər Nazirliyinə ötürülməsini istəyib.

Hafta.az-ın “Guardian”a istinadən yazdığına görə, Çin Xarici İşlər Nazirliyi bütün konsulluqlara ingilis və çin dillərində məktublar göndərərək, ad siyahılarının göndərilməsi üçün bir ay vaxt verib. Bildirilib ki, sorğu məktubuna əlavə olaraq yerli işçilərin öz məlumatlarını doldurmaları üçün Honq-Konqdakı xarici konsulluqlara iki blank da göndərilib.

Honq-Konq qanunlarına görə, Pekin administrasiyası şəhərin xarici siyasətinə cavabdehdir. 2020-ci ildə Honq-Konqda demokratiya tələbi ilə keçirilən nümayişlərdən sonra Çin administrasiyası şəhərdə nəzarəti gücləndirib.

Məsələ ilə bağlı AFP-yə danışan iki diplomatik mənbə bağlı olduqları konsulluğa məktub daxil olduğunu təsdiqləyərək, yerli personalın məlumatının ilk dəfə istənildiyini bildirib.

"Biz hələ də sənədləri nəzərdən keçiririk və nə edəcəyimizi görəcəyik" deyib mənbələrdən biri.

Konsulluqlara göndərilən məktublarda yeni işçilərin də 15 gün ərzində xəbərdar edilməsi istənilib.

Avropa İttifaqının Honq-Konq və Makaodakı nümayəndəliyinin nümayəndəsi məsələni diqqətlə araşdırdıqlarını bildirərək əlavə şərh verməkdən imtina edib.

Honq-Konq rəsmi olaraq Çinin bir hissəsidir, lakin 1997-ci ildə Britaniya hakimiyyətinin sona çatmasından sonra şəhərə 50 il muxtariyyət verilib.

Şəhərdəki xarici nümayəndəliklər üçün əvvəllər belə bir təcrübə olmasa da, Çin materikindəki konsulluqlarda çalışan Çin işçilərinin şəxsi məlumatları Pekin administrasiyası ilə paylaşılıb.