Çin iqtisadiyyatı kəskin şəkildə yavaşladı

09:38 16.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Milli Statistika Bürosunun verdiyi açıqlamaya görə, ümumi daxili məhsul (ÜDM) ikinci rübdə əvvəlki ilin eyni rübünə görə 4,7 faiz artıb. Nəticə birinci rübdə qeydə alınan 5,3 faizlik artım sürətindən və iqtisadçıların gözlədiyi 5,0 faizlik rəqəmdən daha zəif olub.

Hafta.az-ın yazdığına görə, mövsümi əsasda artım yarıdan çox azalıb və əvvəlki dövr üçün yenidən işlənmiş 1,5 faiz əvəzinə cəmi 0,7 faiz artıb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı artan mənzil böhranı, durğun istehlak xərcləri və dünyanın qalan hissəsi ilə artan ticarət gərginliyi səbəbindən sürətini itirir.

Çin lideri Si Cinpin və Kommunist Partiyasının yüksək səviyyəli rəsmiləri uzunmüddətli iqtisadi islahatları müzakirə etmək üçün bu həftə Pekində görüşür. Bir çox iqtisadçı Çin iqtisadiyyatının hazırda daha çox köməyə ehtiyacı olduğunu deyir.

Açıqlanan məlumatlar göstərdi ki, istehsal investisiyaları və ixrac ikinci rübdə artımı dəstəkləyərək zəif istehlak xərclərini və daşınmaz əmlak problemlərini kompensasiya edib.

Məlumata görə, ilin ilk altı ayında sənaye istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz çox olub. Bununla belə, eyni dövrdə pərakəndə satışlar cəmi 3,7 faiz artıb, daşınmaz əmlaka investisiyalar 10,1 faiz, yeni ev satışları isə 26,9 faiz az olub.

İyunda sənaye istehsalı bazarın gözləntilərini üstələyərək 5,8 faiz artıb. Analitiklər əvvəlki dövrdə 5,6 faiz artan sənaye istehsalının 4,8 faiz artacağını proqnozlaşdırırdılar. Sənaye istehsalı aylıq 0,42 faiz artıb.