Çin müdafiə sənayesini gücləndirir

09:15 07.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər il əvvəlki ilin maliyyə məlumatlarına əsasən yaradılan və dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin yer aldığı “Defence News Top 100 for 2024” siyahısı ABŞ-ın “Defence News” nəşri tərəfindən açıqlanıb. Siyahıda ikinci yeri Çin tutub.

Hafta.az-ın yazdığına görə, ABŞ şirkəti Lockheed Martin 2023-cü ildə 64,5 milyard dollarlıq müdafiə gəliri ilə siyahıda birinci yerdədir. Lockheed Martin-i 2023-cü ildə 44,9 milyard dollar müdafiə gəliri ilə Çində yerləşən Aviasiya Sənayesi Korporasiyası (AVIC) izləyərək ikinci yeri tutub. AVIC Çin Ordusu və ixrac müştəriləri üçün pilotlu və pilotsuz hərbi hava platformaları hazırlayır.

Digər tərəfdən bu il AVIC də daxil olmaqla ümumilikdə 6 fərqli Çin şirkəti siyahıya daxil edilib. China State Shipbuilding Corporation Limited bu il ilk dəfə siyahıya 8-ci yerdən daxil olduğu halda, NORINCO (China North Industries Group Corporation Limited) 1 pillə geriləyərək 9-cu yerdə qərarlaşıb.

Yenə CETC (China Electronics Technology Group) bu il ilk dəfə siyahıya 11-ci yerdə daxil olub. CSGC (China South Industries Group Corporation) 2 pillə geriləyərək 12-ci, CASC (Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası) isə 37 pillə geriləyərək 52-ci yerdə qərarlaşıb.

Siyahıda Çin müdafiə və aerokosmik şirkətlərinin son yüksəlişinin arxasında "birləşmə strategiyaları" dayanır. Bir çox Çin şirkəti siyahıdakı daha böyük şirkətlərə birləşərək daha böyük strukturlar yaradır. Beləliklə, dövriyyəsi artan iri şirkətlər də siyahının birinci pilləsinə qalxır.